Son yeniləmə: 25 Oktyabr 2024 13:37
BAYRAQDAR MEDİA – “AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün 4-cü “Təqaüd proqramı” layihəsini elan edir”.
Bu barədə BAYRAQDAR MEDİA-ya “AzerGold” QSC-dən məlumat verilib.
Bildirilib ki, “dağ-mədən sahəsində ixtisaslı kadr hazırlığına dəstək məqsədilə təsis edilən təqaüd tələbələr arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq. Müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsili mərkəzlərinə qəbul olunan və 2024-2025-ci tədris ili üzrə “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “Kimyəvi analiz laborantı” və “Dağ-mədən işləri üzrə mütəxəssis” ixtisasları üzrə təhsil alan tələbələr iştirak edə bilərlər”.
Məlumata görə, münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə zamanı müvafiq olaraq ən yüksək nəticə göstərən 10 namizəd qalib qismində elan olunacaq: “Müsabiqə qalibləri müvafiq təltifnamə ilə təltif olunacaq və 9 ay müddətində hər ay 200 AZN olmaqla, ümumilikdə 1800 AZN məbləğində təqaüd qazanacaqlar. Bundan başqa, tələbələr “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində qurmaq imkanıəldə edəcəklər. Qeyd edək ki, “AzerGold” QSC və PTDA arasında əməkdaşlığın hüquqi bazasını 19 may 2020-ci il tarixində qurumlar arasında metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində birgə fəaliyyətlə bağlı imzalanmış Anlaşma Memorandumu təşkil edir”.
“Təqaüd proqramı” layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb-saytında “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı” altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur. Müsabiqəyə elan dərc edildiyi gündən (25 oktyabr 2024-cü il) start verilir. Müraciət üçün son tarix 08 noyabr 2024-cü ildir.