Son yeniləmə: 24 Oktyabr 2024 17:51
Fahrettin Altun: Türkiyəyə qarşı terror təhlükəsi sona çatana qədər mübarizəmiz davam edəcək
BAYRAQDAR MEDİA – “Türkiyəyə qarşı terror təhlükəsi sona çatana qədər mübarizəmiz həm sərhəd daxilində, həm də xaricində davam edəcək”.
Türkiyənin Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, bunu Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanı Fahrettin Altun deyib.
Məlumatda deyilir ki, Fahrettin Altun Türk Aerokosmik Sənayesi Anonim Şirkətinin (TUSAŞ) Kahramankazan istehsal obyektində baş vermiş terror aktı ilə bağlı bəyanat verib. O, TUSAŞ-da baş verən terror hadisəsi nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
F.Altun, bu xain hücumdan sonra müvafiq qurumlar tərəfindən lazımi araşdırmaların aparıldığını vurğulayıb.
İletişim Başkanı belə bir vəziyyətdə informasiya məsələsinə də diqqətlə yanaşılmasının vacib olduğunu bəyan edib: “Bir daha xatırlatmaq istərdik ki, sosial media platformaları terror təbliğatına zəmin hazırlayan məzmunlara heç vaxt icazə verməməlidir. Bu platformaların cəmiyyətin rahatlığını və təhlükəsizliyini qorumaq üçün daha məsuliyyətli yanaşması vacibdir. Eyni zamanda media orqanları da terrorla bağlı xəbərləri diqqətlə hazırlayaraq, ictimaiyyətin düzgün məlumatlandırılmasını təmin etməli, terror təbliğatına həssas yanaşmalıdır. Bu məsuliyyəti dərk etmək terrorizmin yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq. Bütün oxşar proseslərdə olduğu kimi, bu prosesdə də vətəndaşlarımızdan xahiş edirik ki, dezinformasiya fəaliyyətlərinə qarşı həssas olsunlar və yalnız rəsmi mənbələrdən verilən məlumatlara etibar etsinlər”.