Press "Enter" to skip to content

Azərbaycan Mədəniyyət Mərkəzində faydalı görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Qardaş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkənin ali təhsil ocaqlarının professor-müəllim heyəti ilə görüş keçirilib.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Bildirilir ki, “görüşdə Daşkənd Dövlət Şərqşünaslıq Universiteti (DDŞU), Özbəkistan Milli Universiteti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti (DDPU), Özbəkistan Dövlət Dünya Dilləri Universiteti (ÖDDDU), Termez Dövlət Universiteti, Kokand Dövlət Pedaqoji İnstitutunun nümayəndələri iştirak ediblər. Görüşün məqsədi bu universitetlərdə Azərbaycan dilinin tədrisi və təbliği ilə bağlı müxtəlif layihələrin, mühazirələrin, açıq dərslərin həyata keçirilməsi üçün atılacaq addımları müzakirə etmək olub”.

O da qeyd edilir ki, Mərkəzin direktor müavini Nadir Əlimirzəyev iştirakçılara qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib: “o, Azərbaycan və özbək xalqlarının qədim köklərə malik olduqlarını və bu köklərə əsaslanan qardaşlıq münasibətlərinin bu gün də yüksək səviyyədə olduğunu qeyd edib. İki qardaş ölkə arasında mədəni, siyasi, iqtisadi əlaqələrin möhkəmlənməsində Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin böyük xidmətlərindən söz açan N.Əlimirzəyev bu istiqamətdə hər iki tərəfdən müvafiq dövlət təşkilatlarının, universitetlərin, ictimaiyyətin, vətəndaşların da müəyyən xidmətlərinin olduğunu vurğulayıb”.

“ÖDDDU-da pedaqoqların və kadrların yenidən hazırlanması və onların ixtisaslarının artırılması Mərkəzinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Adolat Kenjayeva çıxış edərək görüşün keçirilməsinə görə Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. Gələcək əməkdaşlıqdan böyük məmnunluq hissi keçirdiyini bildirən A.Kenjayeva Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti barədə burada aldıqları məlumatların onlar üçün çox faydasının olacağını vurğulayıb. Sonra görüşdə iştirak edən professor-müəllim heyəti bu görüşün onların Azərbaycan haqqında məlumatlarının daha da genişlənməsinə səbəb olduğunu bildiriblər”, – deyə xəbərdə bildirilir.

O da bildirilir ki, “görüşdə iştirak edən Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva 2023-cü ildən Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi əsasında DDŞU və NDDPU-da Azərbaycan dilinin tədrisi barədə məlumat verərək layihənin əsas məqsədinin Azərbaycan-Özbək xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, həmçinin Azərbaycan dili və ədəbiyyatının beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi işinə töhfə verilməsi olduğunu qeyd edib”.

Sonda qeyd edilir ki, “tədbir iştirakçıları Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev, Azərbaycan-Özbəkistan Dostluq, Azərbaycanın Dövlətçilik Tarixi və Xalça muzeylərinə baxıb, orada olan eksponatlarla, hər iki ölkənin tarixi və mədəniyyətini əks etdirən kitablarla, musiqi alətləri, milli geyimlər və s. ilə yaxından tanış olublar. Professor-müəllim heyətinə, həmçinin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan “Azərbaycanı tanıyaq” adlı videoçarx da təqdim olunub”.

Mission News Theme by Compete Themes.