BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib. Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı portalda 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və proses 1 noyabr saat 17:00-dək davam edəcək. Özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsil haqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır”.
Qeyd edək ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsi ilə maliyyələşdirilməsindən ibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.