BAYRAQDAR MEDİA – Oktyabrın 22-də Bakı Avrasiya Universitetində (BAAU) BMT Baş Assambleyasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) həsr edilmiş “Gələcəyə mən sahibəm” mövzusunda maarifləndirici diskussiya keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Universitetin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Universitetin Tərcümə kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə BAAU-nun akademik və inzibati heyət üzvləri, həmçinin “Tərcümə (fransız dili)” ixtisasının IV kurs tələbələri iştirak ediblər. Diskussiya proqramına uyğun olaraq BAAU-nun “Tərcümə (fransız dili)” ixtisasının IV kurs tələbələri Leyla Əzizli (Nuriyeva) “Dayanıqlı inkişaf məqsədləri və iqlim dəyişikliyi”, Günay Çobanova “İqlim dəyişikliyinə qarşı mübarizə”, Cavid Cəfərli “Atmosferin çirklənməsi”, Arifə İsmayılzadə “Torpaq ekosisteminin qorunması”, Fatimə Əzimzadə “Dəniz ekosisteminin mühafizəsi”, Pərviz Əsədov “Sərfəli və təmiz enerji”, Aytən Quliyeva “Qarabağda ekoloji vəziyyət”, Mətanət Əliyeva “Məsuliyyətli istehsal və istehlak” və Nəzrin Mahmudzadə “Tullantılardan sənətə” mövzusunda təqdimatlarla çıxış ediblər”.
Məruzələrdən sonra BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Dos. Sevda Rzayeva çıxış edib. Tədbirin keçirilməsində məqsədin DİM və iqlim dəyişikliyi kimi qlobal mövzular haqqında maarifləndirmə olduğunu diqqətə çatdıran prorektor, tələbələrin çıxışlarında vacib məsələlərə toxunduqlarını vurğulayıb və bunu təqdirəlayiq addım kimi qiymətləndirib.
Universitetin Tərcümə kafedrasının baş müəllimi Leyla Məlikovanın moderatorluğu ilə keçirilən diskussiyanın sonunda plastik tullantılardan hazırlanmış qablarda çiçəklər əkilib və xatirə şəkilləri çəkilib.