Son yeniləmə: 23 Oktyabr 2024 11:02
Sosial Tədqiqatlar Mərkəzində bu mövzuda dəyirmi masa keçirilib
BAYRAQDAR MEDİA – Oktyabrın 22-də Sosial Tədqiqatlar Mərkəzinin (STM), AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “COP29 – Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” mövzusuna həsr olunan dəyirmi masa keçirilib.
Zahid Oruc: İqlim dəyişikliyinin aparıcı səbəbləri sırasında insan amili, başqa sözlə sosial amilləri durur
Dəyirmi masanı giriş nitqləri ilə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açıb.
“COP29: Qlobal iqlim böhranının həlli yönündə Azərbaycanda sosial elmlərin interdissiplinar əməkdaşlıq məsələləri” mövzusunda çıxış edən Zahid Oruc deyıb ki, iqlim dəyişikliyinin aparıcı səbəbləri sırasında insan amili, başqa sözlə sosial amilləri durur: “Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı, birgə tədqiqatların təşkili böyük səmərə verə bilər. Bu sosioloji tədqiqatlar, iqtisadi artımın karbon emissiyalarına, urbanizasiyaya, mal və xidmətlərin istehlak modellərinə, demoqrafik tendensiyalara, qlobal bərabərsizliyə,ekoloji mühitin çirklənməsinə qarşılıqlı təsirinin öyrənilməsi, müvafiq olaraq, iqlim dəyişikliyi ilə mübarizədə həlledici sahəyə çevrilir”.
İlham Məmmədzadə: İnsanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ekosistemlərin normal ahənginin pozulması baş verib
Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə “COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosoiologiyanın problemləri” mövzusunda çıxış edərək, insan və təbiətin münasibətlərinin elmi və praktiki problemlərinin tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixinə toxunub: “Bildirib ki, XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş verib”.
Sadiq Qurbanov: Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət bu gün ekoloji sahədə Azərbaycan dövlətinin inkişaf strategiyasının reallıqlarını ifadə edir
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə Azərbaycanın COP29 sədrliyini cəsarətlə qəbul etdiyini bildirib. Komitəs sədri “Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət bu gün ekoloji sahədə Azərbaycan dövlətinin inkişaf strategiyasının reallıqlarını ifadə edir” deyib.
Pərvanə Vəliyeva: COP29 konfransının ölkədə və regionda sağlam ekosistemin yaradılmasına böyük töhfə verəcəyinə inanırıq
İclasda çıxış edən COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, deputat Pərvanə Vəliyeva isə əsasən bu mühüm tədbirə hazırlıq prosesində vətəndaş cəmiyyətinin fəaliyyətindən bəhs edib. Millət vəkili “Vətəndaş cəmiyyəti olaraq bütün maraqlı tərəflərin köməyi ilə COP29 konfransının ölkədə və regionda sağlam ekosistemin yaradılmasına böyük töhfə verəcəyinə inanırıq”, deyib.
İclasda, həmçinin Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova və digər natiqlər də çıxış ediblər. Çıxışlarda iqlim geosiyasətinə, Azərbaycanın yaşıl keçidlə bağlı qlobal təşəbbüslərinə qarşı kampaniyanın pərdəarxası mövzusuna toxunulub, bəlli xarici mənbələrdən qaynaqlanan dezinformasiya hücumları barədə danışılıb. Bundan başqa çıxışlarda iqlim böhranının həllində elmi-tədqiqat yollarının müəyyənləşdirilməsi, yaşıl strategiya və iqlim dəyişikliyinin idarə edilməsi üçün sosial elmlərin vəzifələri və töhfələrindən bəhs edilib.
Geniş müzakirə şəraitində keçən dəyirmi masa iştirakçıları iqlim dəyişikliyi sahəsində Azərbaycanın qlobal təşəbbüslərinin həyata keçirilməsi və dünyaya çatdırılması üçün dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, elmi-tədqiqat ictimaiyyətinin sıx əməkdaşlığının formalaşdırılması yönündə səylərin ortaya qoyulacağına əminlik ifadə ediblər.
İlk şərhi yaza bilərsiniz