BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında intensiv yağışların Bakı şəhəri və Abşeron rayonu ərazisində yaratdığı fəsadların aradan qaldırılması üçün Nazirliyin qüvvələri ərazilərə cəlb olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib”.
Sonra xəbərdə, “görülmüş tədbirlər nəticəsində bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla ümumilikdə 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib” deyə qeyd edilir.
Hazırda suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.