BAYRAQDAR MEDİA – Oktyabrın 22-də Elm və Təhsil Nazirliyi (ETN) və Baş Prokurorluğun nümayəndə heyəti Qarabağ Universitetinin tələbələri ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “hüquqşünaslıq, tarix və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan tələbələrin iştirak etdiyi görüşün əsas məqsədi birgə tədbirlərin təşkili və gələcəkdə prokurorluq orqanlarında çalışmaq istəyən gənclərin təhsilinə dəstək verilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi olub. Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və ölkə rəhbərliyi tərəfindən universitet qarşısında qoyulan prioritetləri diqqətə çatdırıb. Rektor vurğulayıb ki, tələbələrin inkişafını təmin etmək məqsədi ilə faydalı tərəfdaşlıqlar yaratmaq universitetin məqsədləri sırasındadır və bu istiqamətdə Baş Prokurorluqla əməkdaşlıq olduqca əhəmiyyətlidir”.
Daha sonra xəbərdə, “görüşdə iştirak edən ETN-nin Aparat rəhbəri Mətin Kərimli hüquq təhsilinin inkişafı təşəbbüsləri mövzusunda çıxış edib. Aparat rəhbəri bildirib ki, hüquq sahəsi daim inkişafdadır. Bu inkişafdan irəli gələn tələblərə və yeniliklərə adaptasiya olmaq vacibdir. M.Kərimli vurğulayıb ki, peşəkar mütəxəssis olmaq üçün tələbələr elmi-nəzəri biliklərlə yanaşı, müvafiq kommunikasiya bacarıqlarına da yiyələnməlidirlər” deyə qeyd olunur.
Xəbərdə həmçinin deyilir ki, “çıxış edən Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov karyera imkanları və elmi araşdırmalar üçün əməkdaşlıqla bağlı təkliflərini irəli sürüb. İdarə rəisi diqqətə çatdırıb ki, tələbələrin prokurorluq orqanlarında təcrübə keçmələri və ictimai köməkçi institutlarında iştirakları təmin edilir. T.Aslanov əlavə edib ki, növbəti tədris illərində Qarabağ Universitetinin tələbələri üçün də bu prosesin təşkili nəzərdə tutula bilər”.
Görüş sual-cavab formatında davam etdirilib, tələbələrin fikirləri dinlənilib.
Sonra ETN, Baş Prokurorluq və Qarabağ Universiteti arasında üçtərəfli görüş formatında əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə Baş Prokurorluğun struktur bölmələri və tabe prokurorluqlarda Qarabağ Universitetinin tələbələri üçün təcrübə və karyera imkanları, prokurorluq əməkdaşları tərəfindən tələbələrə seminar, vebinar və təlimlərin keçirilməsi, aktual mövzular üzrə birgə elmi-tədqiqat işlərin həyata keçirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.