Press "Enter" to skip to content

Azərbaycan Londondakı media layihənin diqqət mərkəzində -VİDEO

Müsahibə zamanı

Son yeniləmə: 22 Oktyabr 2024 13:46

BAYRAQDAR MEDİA – “Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ərəfəsində ölkəmiz Londonda “İngilisdilli Birliyin” (English Speaking Union) nəzdindəki “The New Forum” media layihəsinin diqqət mərkəzində olub. Belə ki, sözügedən layihədə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovla 90 dəqiqəlik geniş müsahibə yayımlanıb”.

Bu barədə səfirlikdən verilən məlumatda qeyd edilib.

Bildirilib ki, “xüsusilə gənc nəslin marifləndirməsinə yönəlmiş bu media layihəsində dünyaca tanınmış jurnalist Kristiana Amanpur, siyasətçilər, parlament üzvləri, dövlət rəsmiləri, iş adamları, hərbiçilər, diplomatlar qonaq olub. Səfir E.Süleymanov müsahibə zamanı Azərbaycanın dövlət müstəqilliyinin bərpası, müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklər, Ermənistanın hərbi təcavüzü barədə məlumat verib. Qeyd olunub ki, Sovet İttifaqı çərçivəsində müxtəlif respublikaların ərazisində xalqların muxtariyyətinin mövcud olmasına baxmayaraq Azərbaycan xalqının ölkəmizdən kənarda muxtariyyəti olmayıb. Azərbaycanda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılsa da, Ermənistan ərazisində qat-qat daha çox azərbaycanlı yaşamasına rəğmən onlara muxtariyyət verilməyib. Əksinə Ermənistan ərazisində yaşayan azərbaycanlılar dəfələrlə kütləvi deportasiyaya məruz qalıb”.

Məlumata görə, müsahibə zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitliyin bərqərar olması, iqtisadi inkişafın, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəm təməllərinin qoyulması barədə danışılıb: “Bugünkü gərgin beynəlxlaq münasibətlər sistemində cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, strateji düşüncəsi, idarəçilik qabiliyyəti, verdiyi hər bir sözü yerinə yetirməsi, böyük liderlik keyfiyyətləri, ölkəmizin inkişafına verdiyi əvəzsiz xidmətləri ilə xalqımızın dəfələrlə etimadını qazanması vurğulanıb. Məhz cənab Prezidentin apardığı siyasətin nəticəsi olaraq BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi diqqətə çatdırılıb. Səfir 90-cı illərdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında çalışarkən azərbaycanlı qaçqın və məcburi köçkünlərin acınacaqlı durumunun canlı şahidi olduğunu qeyd edib, bugün yüz minlərlə məcburi köçkünün öz torpaqlarına geri dönməsi üçün şəraitin yarandığını diqqətə çatdırıb. Cənab Prezidentin liderlik xüsusiyyətlərinin Azərbaycan xalqı ilə yanaşı, qonşu ölkələrin, eləcə də dünya dövlətlərinin liderləri tərəfindən dəfələrlə təsdiqləndiyi qeyd olunub. Bugün Azərbaycanın regionda lider dövlətə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu, Azərbaycanın BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi barədə məlumat verilib”.

Xəbərdə deyilir ki, noyabrda Azərbaycanın daha bir mötəbər tədbirə – COP29-a ev sahibliyinə hazırlaşması və bu xüsusda irəli sürülən təşəbbüslər barədə məlumat verilib: “Bunlardan İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması, COP Atəşkəs çağırışı, Kiçik Ada Dövlətləri ilə bağlı təşəbbüslər qeyd olunub. COP29 çərçivəsində qarşıya qoyulmuş iqlim maliyyəsi hədəflərinə nail olmaq məqsədilə dünya ictimaiyyətini razılığa gətirmək üçün Azərbaycanın səylərindən danışılıb. Səfir regionumuzda münaqişədən deyil, iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlardan danışılmasını region ölkələri üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Azərbaycanın qonşu ölkələrlə, xüsusilə qardaş ölkə olan Türkiyə ilə nümunəvi münasibətləri barədə məlumat verib”.

Müsahibədə həmçinin Azərbaycan və Ermənistan arasında sülh danışıqları barədə məlumat verilib, torpaqlarımız işğaldan azad edildikdən sonra regionun gələcək inkişafı və sabitliyi naminə məhz Azərbaycanın Ermənistana sülh əlini uzatdığı diqqətə çatdırılıb. Hazırda sülh danışıqlarının davam etdiyi, iki ölkə arasında sərhədlərin müəyyən hissəsinin artıq demarkasiya olunduğu və dayanıqlı sülhün əldə olunması üçün Azərbaycanın ortaya qoyduğu prinsipial mövqe diqqətə çatdırılıb.

Mission News Theme by Compete Themes.