BAYRAQDAR MEDİA – 2024-cü ilin iyul ayından başlayan Ümumavropa Liderlik Akademiyasının (ELA Akademiyası) təlim proqramında iştirak etmək üçün regionun 6 ölkəsindən irəli sürülən 31 namizəddən 14 nəfər seçim mərhələlərindən uğurla keçərək, növbəti proqramda iştirak üçün dəvət alıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdir müavini Təranə Əhmədova və Səhiyyə siyasəti şöbəsinin baş məsləhətçisi Nigar Nəzərli də növbəti mərhələyə yüksəliblər. Təcrübə proqramı (Tier2) Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Avropa Ofisində təşkil olunub. ELA Akademiyasının Tier2 proqramı çərçivəsində təlim keçdiyi müddətdə səhiyyə sahəsində insan resursları üzrə göstəricilərin, o cümlədən Azərbaycanda tibb əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malik şəxslərin dövlət reyestrinin təkmilləşməsi üzrə “Tibb müəssisələrinin standart əməliyyat prosedurlarının bazasının təşkili” mövsuzunda layihə hazırlanıb”.
Qeyd edək ki, ÜST-nin Regional Avropa Ofisinin əsas təşəbbüsü olan Ümumavropa Liderlik Akademiyası ölkə səviyyəsində maksimum nəticələr əldə etmək üçün insan resurslarının inkişafına yönələn üç səviyyəli proqramdır. Təcrübə proqramının əsas məqsədi Avropa regionunun səhiyyə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının rəsmi nümayəndələrinin qarşılıqlı faydalı bilik və təcrübə mübadiləsi, o cümlədən səhiyyə siyasəti istiqamətində birgə çalışmaq üçün potensialın artırılması və səmərəli layihələrin ərsəyə gəlməsi nəticəsində regionda səhiyyə sisteminin gücləndirilməsidir.
Qeyd edək ki, sözügedən proqram noyabrın 13-dək davam edəcək.