Press "Enter" to skip to content

Rəşad Nuri Güntəkinin “Dəyirman”ı yenidən yayımlanıb

Dəyirman

BAYRAQDAR MEDİA – Bugünlərdə məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin (Reşat Nuri Güntekin – 1889-1956) yaradıcılığında önəmli yer tutan “Dəyirman” romanı Azərbaycanda yenidən yayımlanıb.

İlk dəfə Azərbaycan oxucularına 1994-cü ildə kiril əlifbasında təqdim olunan romanı “Kritika” nəşriyyatının yenidən yayımlaması əsərin aktuallığı, ideya müasirliyi, dərin sosial məzmunu ilə bağlıdır.

Azərbaycan türkcəsinə yazıçı Vaqif Sultanlının uyğunlaşdırdığı romanda Osmanlı İmperiyasının son dönəmlərində Anadolunun mərkəzdən uzaq, yoxsul bir qəsəbə olan Sarıpınar əyalətində uydurma zəlzələ xəbərinin böyüyərək ölkənin və bütövlükdə dünyanın gündəminə gəlməsi satirik üslubda təsvir edilir.

Əsərdə rəhbər vəzifədə işləyənlərin daxili-mənəvi dünyası canlandırılır, fərdi xarakter cizgiləri ilə seçilən səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılır.

Romandan hasil olan sonuc budur ki, vəzifə sahibləri olmayan hadisələri sanki baş vermiş kimi göstərməklə, yanlışları ört-basdır etməklə zəncirvari şəkildə daha böyük problemlərə yol açır, idarəçilik sistemini gülüş hədəfinə çevirərək dövlətin nüfuzunu zədələyir.

Qeyd edək ki, 1987-ci ildə qardaş Türkiyədə “Dəyirman” romanının motivləri əsasında Barış Pirhasanın ssenarisi əsasında Atıf Yılmaz eyniadlı bədii film də çəkib.

Mission News Theme by Compete Themes.