Press "Enter" to skip to content

Əməkdar artist hazırladığı monotamaşa haqqında

Şövqi Hüseynov

BAYRAQDAR MEDİA – Noyabrın 2-si saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam” tamaşasının premyerası keçiriləcək.

Tamaşada “Feyerbax” rolunun ifaçısı, həmçinin səhnə əsərinin quruluşçu rejissoru, tərcümə edəni və səhnə tərtibatçısı Əməkdar artist Şövqi Hüseynov tamaşa haqqında BAYRAQDAR MEDİA-ya məlumat verib: “Bildirim ki, tamaşa alman dramaturqu Tankred Dorstun “Mən Feyerbaxam” pyesi əsasında hazırlanıb. Bu tamaşanı mən 1998-ci ildə Azərbaycanda keçirilən Beynəlxalq monotamaşalar festivalı üçün hazırlamışdım. Səhnə əsəri 1998-ci ildə cəmi 1 dəfə oynanıldı və ən yaxşı kişi roluna görə festivalın baş mükafatına layiq görüldü. O vaxtdan tamaşa uzun müddət oynanılmadı. 1998-ci ildən bugünədək xeyli zaman keçib. O ərəfədə başqa işlər vardı, başqa tamaşalar hazırlandı. Bu dəfə də tamaşa Azərbaycanda keçiriləcək Beynəlxalq monotamaşalar festivalı üçün hazırlanıb. Bu tamaşa mənim Milli Gənc Tamaşaçılar Teatrında artıq 4-cü monotamaşam olacaq. Birinci Nikolay Vasilyeviç Qoqolun “Dəlinin qeydləri”, ikinci Patrik Züskindin “Kontrabas”, üçüncü Semuel Bekketin “Sözsüz” əsərləri, bu isə dördüncüdür”.

Aktyor səhnə əsərinin süjet xəttindən də bəhs edib: “Tamaşa vaxtı ilə məşhur olan aktyorun həyatından bəhs edir. O, 7 il teatrdan ayrı qalıb. Teatr eşqi ilə alışıb yanan aktyor yenidən səhnəyə qayıtmaq istəyir. Bunun üçün o, dinləmələrə, kastinqlərə gedir. Amma heç bir teatrda onu qəbul etmirlər, aktyorun öz sözü ilə desək “deyirlər ki, sənə ehtiyacımız yoxdur”. Hətta rejissorlardan biri ona: “Rədd ol buradan, təlxək!” deyir. Bu sitatı tamaşadan gətirdim. Onu da qeyd edim ki, mən əsəri tərcümə edəndə tamaşaya təxminən 6-ya yaxın monoloq əlavə etmişəm. Amma əsərdə 1 monoloqdan söhbət gedir”.

Qeyd edək ki, tamaşanın işıq rəssamı Vadim Kuskov, musiqi tərtibatçısı isə Zaur Rəşidovdur.

Mission News Theme by Compete Themes.