Press "Enter" to skip to content

Aİİ məzunları təhsili Malayziyada davam etdirəcəklər

Malayziya ilə iş birliyi

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2023/2024-cü tədris ili məzunları magisturatura səviyyəsi üzrə təhsili Malayziyada – paytaxt Kuala-Lumpurda yerləşən Malayziya Beynəlxalq İslam Universitetində (MBİU) davam etdirəcəklər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “MBİU və Aİİ arasında imzalanmış Əməkdaşlıq müqaviləsinə əsasən, məzunlar Universitetin magistratura pilləsində təhsillərini davam etdirəcəklər. Aİİ-nin “Dinşünaslıq” ixtisası üzrə məzunları – Aqşin Məmmədov MBİU-nun “Tarix və sivilizasiya” (History and Sivilization), Şahin Müzəfərov isə “İslam düşüncəsi və sivilizasiyası” (Islamic Thought and Sivilization) ixtisasları üzrə təhsil alacaqlar”.

Sonra xəbərdə, “MBİU İdarə Heyətinin üzvü, səfir Dr. Syed Hüseyin əl-Habşi və Təşviq, tələbələrin işə qəbulu şöbəsinin direktoru Siti Aişə İbrahim ilə Aİİ-nin xarici əlaqələr üzrə mütəxəssisi Şəms Bağırova, həmçinin adları qeyd olunan tələbələrin iştirak etdikləri görüş təşkil olunub. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparılıb.

Daha sonra Aİİ nümayəndələri Universitetlə tanış olublar. MBİU-nun tarixi ilə bağlı ətraflı məlumat verilib” deyə qeyd edilir.

Tələbələrə Universitetin qalereyası, korpuslar, onlar üçün nəzərdə tutulmuş məscid, mağaza, idman zalı, həmçinin digər komplekslər göstərilib və məlumat verilib. Məzunlar Universitetin rəhbər və işçi heyəti ilə də tanış olublar.

Qeyd edək ki, Aİİ fəaliyyətə başladığı vaxtdan etibarən,xarici əlaqələrin inkişafına önəm verir. Dünyanın 30-dan çox qabaqcıl ali təhsil müəssisəsi ilə imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən, İnstitutun müxtəlif tələbə mübadilə proqramları və qarşılıqlı akademik fəaliyyəti həyata keçirilir.

Mission News Theme by Compete Themes.