Press "Enter" to skip to content

“Qadınım” tamaşası yenidən səhnədə

Qadınım

BAYRAQDAR MEDİA – Dekabrın 16-sı saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Qadınım” tamaşası nümayiş olunacaq.

Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.

İ.Gözəlova səhnə əsərinin ərsəyə gəlməsi haqqında BAYRAQDAR MEDİA-ya məlumat verib: “Tamaşanın premyerası keçən ilin 25 yanvarında oldu. Tamaşadan sonra onun haqqında çox gözəl məqalələr nəşr edildi. Sizə deyim ki, indiyədək o qədər məqalə çıxmayıb bəlkə. Sağ olsun jurnalistlər öz fikirlərini, rəylərini bildirdilər. Türkiyənin məşhur yazıçısı Tuncər Çücənoğlunun əsərləri çox ölkələrdə səhnəyə qoyulur. Mənim də bu tamaşa üçün ona müraciət etməyim ilk deyil. İlk dəfə Gürcüstanda “Uçqun”, ikinci dəfə Antaliyada “Ziyarətçi”, üçüncü dəfə isə “Qadınım” əsərini tamaşaya qoydum. T.Çücənoğlunun yaradıcılığı həmişə mənə maraqlı gəlib. Əsərlərində reallıq ön plandadır, həyatımızdakı real hadisələrə toxunur”.

Quruluşçu rejissor tamaşada rol alan heyət haqqında da danışıb: “Aktyor seçimində də bizim istedadlı aktyorlar – Gültac Əlili və Əmrah Dadaşovu bu rollara seçdik. Onlar da məharətlə bu tamaşanı oynadılar və indiyədək də oynayırlar. Tamaşanın quruluçu rəssamı Vüsal Rəhimdir. Mən artıq üçüncü tamaşadır onunla çalışıram. Çox uğurlu da iş alınır. Bundan əlavə, səhnə əsərində Əməkdar artist Nigar Şahmuradova aktrisa kimi kiçik bir obrazda çıxış edir. Amma kiçik olmasına baxmayarq çox tutarlı bir obrazdır. N.Şahmuradova həm də xoreoqraf kimi çalışır. Həmçinin tamaşada xor artistləri var. Xormeyster Məlahət Qasımova da çox gözəl çalışdı. Biz türk retro musiqiləri seçdik və bizim aktyorlar tamaşada o mahnıları canlı oxuyurlar”.

Mission News Theme by Compete Themes.