BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forum iştirakçılarının bir qrupu ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “səmimi şəraitdə keçən görüşdə səhiyyə naziri Teymur Musayev uşaqların hüquqlarının qorunması və müdafiəsinin Azərbaycan dövlətinin prioritetləri sırasında olmasını diqqətə çatdırıb. Tədbirin mahiyyətini vurğulayan nazir 2009-cu ildən etibarən hər üç ildən bir Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunun keçirildiyini bildirib. O, Forumun uşaqların həyatında əhəmiyyətli hadisə kimi, eyni zamanda, onların gələcək inkişafında mühüm olmasına əminliyini qeyd edib. T.Musayev həmçinin vurğulayıb ki, Azərbaycanın qəhrəman övladları Prezident İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini yazıblar”.
Sonra xəbərdə, “səmimi görüşə görə nazirə təşəkkür edən uşaqlar dövlətin onlara olan qayğısını hər zaman hiss etdiklərini deyiblər. Uşaqlar, həmçinin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar müxtəlif tədbirlərdə fəal iştirak etdiklərini, bunun isə öz növbəsində onlarda bu mövzuya maraq doğurduğunu bildiriblər. Forum mövzusuna toxunan qonaqlar qeyd ediblər ki, tədbirdə paytaxt və bölgələrdən 300-dən artıq, həmçinin qardaş Türkiyədə 10 uşaq iştirak edəcək. Çıxışçılar tədbirin unikal qabiliyyətə və analitik təfəkkürə malik uşaqların seçilməsi üçün yaxşı imkan olduğunu vurğulayıblar” deyə qeyd olunur.
Sonra T.Musayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Forum iştirakçılarına SN tərəfindən xatirə hədiyyələri təqdim olunub. Sonda qonaqlar Səhiyyə Tarixi Muzeyi ilə tanış olublar.