BAYRAQDAR MEDİA – 14-15 oktyabr tarixlərində Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun və Dillər və Ədəbiyyatlar Departamentinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Füzuli poeziyası irfan və ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “yerli və xarici tədqiqatçıların iştirakı ilə keçirilən konfransda MEK əməkdaşları, Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva “Füzulinin fars dilində qələmə aldığı əsərlərində bədii sözün qüdrəti”, Qarabağ müharibəsi qəhrəmanları fondunun əməkdaşı Leyla İbrahimova “Məhəmməd Füzuli dühası” məruzələri ilə çıxış ediblər”.
Sonra xəbərdə, “Beynəlxalq Elmi Simpoziumda Füzulinin sələfləri və xələfləri, yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, yaradıcılığında milli və ümumbəşəri mənəvi dəyərlər, irfan və təsəvvüf, eşq, əsərlərinin dünya dillərinə tərcüməsi, Azərbaycan füzulişünaslığı dünən və bu gün: problemlər və perspektivlər və digər mövzularda tezislər təqdim olunub” deyə qeyd edilir.