Son yeniləmə: 17 Oktyabr 2024 10:09
Nadir Azəri: Əminik ki, Eskişehir Azərbaycanlılar Dərnəyinin ev sahibliyi edəcəyi bu konfransımız da yaddaqalan olacaq
BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihəni uğurla reallaşdırır. Bu günə kimi layihə çərçivəsində nəzərdə tutulan işlərin böyük əksəriyyəti reallaşıdırılıb. Həmçinin, “Müasir türk birliyinə açılan qapı-Naxçıvan Sazişi” adlı konfransın birinicisi Naxçıvanda keçirilib. İkinci konfransımız isə qardaş Türkiyədə, Eskişehirdə keçiriləcək”.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.
O, qeyd edib ki, Naxçıvanda olduğu kimi Eskişehirdə də konfransda hər iki ölkənin elm adamlarının, diplomatların, digər sahələrdə çalışan tanınmış şəxslərin və gənclərin iştirakı nəzərdə tutulub: “Mən bir daha fürsətdən istifadə edib layihəmizə dəstək verən Azərbaycan dövlətinə, türk dünyası ilə bağlı layihələrin reallaşmasında öz dəstəyini əsirgəməyən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Eskişehir konfransımıza evsahibliyi edəcək Eskişehir Azərbaycanlılar Dərnəyinə dərindən minnətdarlıq edirəm”.
N.Azəri vurğulayıb ki, qardaş ölkədəki konfransın məhz Eskişehirdə keçirilməsi qərarı heç də təsadüfi deyil: “Əvvəla bu şəhərdəki diasporumuz öz əməli fəaliyyəti ilə hər zaman fərqlənib. Dəyərli Cavid Aydının rəhbərlik etdiyi EsAzDer fəaliyyətində Türkiyə-Azərbaycan qardaşlıq bağlarının daha da dərinləşməsi, həmçinin türk dünyasında inteqrasiyanın daha da güclənməsinə xüsusi önəm verib. Azərbaycanın qardaş ölkədəki diaspor təşkilatları arasında hər zaman fərqlənən EsAzDer Eskişehirdə fəaliyyət göstərən dövlət qurumları, özəl sektor və müxtəlif türk xaqlarının diaspor təşkilatları ilə gözəl əlaqələrə malikdir. Belə bir təşkilatın konfransımıza evsahibliyi etməsi, bizə xüsusi diqqət və qayğı ilə yanaşması qürurvericidir”.
CASCFEN sədri əlavə edib ki, konfrans çərçivəsində Eskişehirdə bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub: “İnşallah həmin görüşlər barədə də mediaya ətraflı məlumat veriləcək”.