Son yeniləmə: 17 Oktyabr 2024 10:58
Cəsarət Hüseynzadə: Türk dünyasının ortaq sosial şəbəkə resursunun yaradılması lazımdır və vacibdir
BAYRAQDAR MEDİA – “Ümumiyyətlə hesab edirəm ki müasir dövrdə informasiya savaşında əsas rol oynayan məsələlərdən biri, bəlkə də birincisi resursların yaradılması məsələsidir. Bu baxımdan mən də o qənaətdəyəm ki, türk dövlətlərinin ümumi mövqeyini ifadə edən ortaq bir sosial şəbəkə resursunun qurulması önəmlidir”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
Xartırladaq ki, CASCFEN sədri Nadir Azəri bir müddət əvvəl Batının türk dünyasına qarşı informasıya savaşını önləmək üçün türk dövlətlərinin ümumi mövqeyini ifadə edən ortaq bir sosial şəbəkə resursunun yaradılması təklifi ilə çıxış edib.
Öz növbəsində C.Hüseynzadə bu təklifi dəyərləndirərək bildirib ki, əslində hazırda beynəlxalq arenada sosial şəbəkə resurslarını idarə edənlər ədalətli və bərabərhüquqla yanaşma sərgiləsələr, hər hansı yeni resurslara da ehtiyac qalmaz: “Lakin təəssüf ki, digər sahələrdə olduğu kimi bu sahədə də biz ikili standartlarla üzləşirik. Batının nəzarətində olan informasiya resursları, həmçinin sosial şəbəkə resursları müstəqil siyasət yürüdən ölkələrə, xüsusilə də türk dövlətlərinə qarşı ədalətsiz yanaşma sərgiləyir. Biz haqsız və ədalətsiz hücumlara məruz qalırıq”.
Müsahibimiz vurğulayıb ki, ortaq sosial şəbəkə resursu yaradılmalıdır, lakin bu zaman bir incə məqamı nəzərdən qaçırmamalıyıq: “Biz, yəni türk dünyası bu resursu elə yaratmalıyıq ki, hər hansı resursun təkrarı olmasın. Eyni zamanda biz həmin resursun nüfuzunun tez bir zamanda qaldırılması üçün davamlı addımlar atmalıyıq. Bunu edə bilsək beynəlxalq məkanda daha bir uğurlu addım atmış olarıq. Ümumiyyətlə, türk dünyasının mövqeyini, türk dövlətləri haqqında həqiqətləri və hər gün ortaya çıxan yenilikləri beynəlxalq aləmin diqqətinə çatdırmaq, bizə qarşı haqsız hücumlara cavab vermək üçün ortaq sosial şəbəkə resursunun yaradılması lazımdır və vacibdir”.
C.Hüseynzadə bütün türk dövlətlərini Azərbaycan və Türkiyədən nümunə götürərək internet resurslarının yaradılması məsələsinə daha geniş diqqət ayrımağa çağırıb: “Bundan başqa Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əvvəl ikitərəfli, sonra isə çoxtərəfli əməkdaşlıqlar qurulmalıdır. Artıq bunun nümunəsi də var. Biz Türkiyə ilə Azərbaycan və Türkiyə ilə Özbəkistan arasında bu sahədə mühüm addımların atıldığının, gözəl bir proqramlar yaradıldığının şahidiyik. Könül istər ki, digər ölkələr arasında da bu cür platformalar yaradılsın, müqavilələr imzalansın və ikitərəfli əməkdaşlıqlar tez bir zamanda öz əhatə dairəsini genişləndirərək, çoxtərəfli əməkdaşlıqlara çevrilsin”.