Press "Enter" to skip to content

Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat

Əməliyyatdan sonra

Son yeniləmə: 16 Oktyabr 2024 12:53

BAYRAQDAR MEDİA – 1924-cü il təvəllüdlü Dəvəçi rayon sakini Əhmədov İsmayıl Məmməd oğlu oktyabrın əvvəllərində sağ bud sümüyü boynunun qapali yerdəyişmiş sınığı diaqnozu ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. 100 yaşlı xəstənin yaxınları bildirib ki, onlar bura gələnə qədər bir neçə xəstəxanaya müraciət ediblər. Lakin xəstənin yaşı və ümumi vəziyyəti ilə əlaqədar onun üzərində cərrahiyyə əməliyyatından imtina olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya ATU-dan məlumat verilib.

Qeyd edilib ki, xəstəni ATU-nun Travmatologiya və ortopediya kafedrasının assistenti, tibb elmləri namizədi İsmixan Mətiyev əməliyyat edib.

Onun verdiyi məlumata görə,bir gün ərzində əməliyyatönü hazırlıqdan sonra oktyabrın 4-də İ.Əhmədovun üzərində sağ bud-çanaq oynağının endoprotezləşdirilməsi əməliyyatı aparilib: “Cərrahi əməliyyatdan sonra xəstə bir gün reanimasiya şöbəsində qaldı və ortopediya şöbəsinə köçürüldü. Bir gün sonra isə xəstəmiz artıq valkerlə hərəkət edə bilirdi. Hazırda xəstənin ümumi vəziyyəti yaxşıdır. Ayın 8-də xəstəni artıq evə yola saldıq. Qeyd edim ki, İsmayıl kişi İkinci dünya müharibəsinin veteranıdır və Prezident təqaüdçüsüdür”.
Məlumata görə, xəstənin özü və ailə üzvləri əməliyyatı yüksək səviyyədə icra edən İsmixan Mətiyev başda olmaqla, anestezioloq-reanimatoloqlar Məmməd Abbasov, Famil Mustafayev, Emin Quliyev, Esmira Nəsibova, Sona Quliyeva və bu uğurlu əməliyyatda əməyi keçən digər klinika əməkdaşlarına təşəkkürlərini bildiriblər: “Məlumat üçün onu da bildirək ki, əməkdaşımız İ.Mətiyev ABŞ-ın Nyu-York şəhərində, Hospital Special Surgery-də dünya şöhrətli alim C.S.Ranavatın ortopedik mərkəzində artroplastika üzrə fellow-ship proqramında iştirak edib”.

Mission News Theme by Compete Themes.