Press "Enter" to skip to content

Şah İsmayıl Xətainin 516 yaşlı Fərmanının təqdimatı

Sözügedən Fərman

BAYRAQDAR MEDİA – Oktyabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Səfəvilər dövlətinin banisi görkəmli şair Şah İsmayıl Xətainin (1487-1524) 1508-ci ilə aid Fərmanının təqdimatı keçirilib.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “Fərman bu il İngiltərənin məşhur “Christie’s” hərracında Azərbaycan vətəndaşı tərəfindən satın alınaraq Tarix Muzeyinə hədiyyə edilib. Sənəd Ş.İ. Xətai tərəfindən 1508-ci il iyulun 4-də (hicri-qəməri təqvimi ilə 914-cü il səfər ayının 25-i) imzalanıb. Fərman fars dilində, “qara şikəstə” üslubu ilə yazılıb və Xətainin möhürü ilə təsdiqlənib. Səfəvi hökmdarının mülkiyyət məsələlərinə dair fərmanlarından biri olan sənəd bütöv və möhürlü vəziyyətdə olması ilə xüsusi əhəmiyyət daşıyır. Təqdimat mərasimində Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri iştirak ediblər. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, Azərbaycan xalqına məxsus tarixi və mədəni irs nümunələrinin Azərbaycana qaytarılması və qorunub-saxlanılması dövlətin daim diqqət mərkəzindədir. O əlavə edib ki, bu həm də mədəniyyət siyasətin əsas istiqamətlərindən biridir”.

Daha sonra xəbərdə, “AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ş.İ.Xətai imzalı bir sənədin Azərbaycana gətirilməsini böyük tarixi və siyasi əhəmiyyətli hadisə kimi dəyərləndirib. MATM-nin direktoru akademik Nailə Vəlixanlı qeyd edib ki, Azərbaycanın tarixi və mədəni irs nümunələrinin ölkəyə qaytarılması artıq ənənəyə çevrilib. Fərmanın muzeyin daimi ekspozisiyasında sərgilənəcəyini bildirən N.Vəlixanlı Ş.İ.Xətainin vəfatının 500-cü ildönümün tamam olduğu vaxtda Azərbaycana gətirilməsinin simvolik məna daşıdığını deyib. AMEA Tarix və Etnologiya İnstitutunun direktoru Prof. Kərim Şükürov Xətainin dövlətçilik fəaliyyəti, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi onun bədii yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər” deyə qeyd olunur.

Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında bədii-musiqili kompozisiya təqdim olunub.

Mission News Theme by Compete Themes.