BAYRAQDAR MEDİA – Oktyabrın 23-25-də yazıçı-publisist Yunus Oğuz qardaş Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Mədəniyyət və incəsənət sahəsində islahatlar” Beynəlxalq Forumuna dəvət alıb.
Bu haqda BAYRAQDAR MEDİA-ya məlumat verən yazıçı deyib ki, Özbəkistan mədəniyyət naziri Ozodbek Nazarbekovun onun ünvanına şəxsən göndərdiyi dəvətdə nazirin yazıçıya xüsusi ehtiramı və 23-25 oktyabr tarixlərində Daşkənd şəhərində keçiriləcək Beynəlxalq Mədəni İrs Həftəsində iştirak etməyə dəvət etməkdən şərəf duyulduğu bildirilib: “Məktubda qeyd olunub ki, bu tədbir milli və beynəlxalq səviyyədə mədəni irsin qorunması və təbliği, eləcə də ölkələr arasında ənənələrin mübadiləsi və mədəni əlaqələrin gücləndirilməsini hədəfləyir. Qloballaşma kontekstində mədəni kimliyin qorunması və beynəlxalq mədəni dialoqun inkişafı xüsusi əhəmiyyət kəsb edir”.
Dəvətdə tarixi romanlar müəllifi Y.Oğuzun forumda iştirakının müzakirələrə zənginlik qatacağı, mədəni mübadilə və əməkdaşlığın gücləndirilməsinə dəyərli töhfə verəcəyi qeyd olunub.
Forumda O.Nazarbekovun “Özbəkistanda mədəniyyət və incəsənət sahəsində həyata keçirilən islahatlar” mövzusunda təqdimatı, həmçinin “Qeyri-maddi mədəni irsin qorunmasına müasir yanaşmalar” mövzusunda çıxışlar olacaq.
Mərasimdə beynəlxalq ekspertlərin çıxışları, mədəniyyət və incəsənət sahəsində ən yaxşı təcrübələrin müzakirəsi nəzərdə tutulub. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un baş katibi Sultan Rayev də tədbirdə məruzə edəcək. O.Nazarbekovun xarici qonaqlarla görüşü də proqrama daxil edilib.