Press "Enter" to skip to content

“Şükriyyə” Gəncədə nümayiş olunub

"Şükriyyə" səhnədə

Son yeniləmə: 15 Oktyabr 2024 19:52

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların regionlara təşkil olunan qastrol səfərləri davam edir. Məqsəd bölgələrdə mədəni həyatın fəallaşdırılması, əhalinin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyətə və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “sözügedən Teatr oktyabrın 14-də yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi eyniadlı tamaşanı Gəncə Dövlət Milli Dram Teatrında nümayiş etdirib. Yeni yaradıcılıq işində əməkdar artist Münəvvər Əliyeva, Xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nur, Əməkdar artistlər Mehriban Xanlarova və Vəfa Rzayeva, aktyorlar Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova, Əməkdar artist Şəlalə Şahvələdqızı, aktrisa Dilarə Nəzərova, aktyor Rüstəm Rüstəmov, aktrisalar Aylin Həşimova, Lalə Süleymanova, Nəzrin Abdullayeva, aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov çıxış ediblər”.

Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Quzey Qazaxıstanın Akmola vilayətinə – əmək koloniyasına göndərilib.

Səhnə əsəri Gəncə tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

Mission News Theme by Compete Themes.