Son yeniləmə: 15 Oktyabr 2024 11:50
BAYRAQDAR MEDİA – Perunun tanınmış onlayn jurnallarından “Lima Gris”də Azərbaycanın tarixi, mədəniyyət və incəsənətinə həsr olunmuş “Azərbaycanın zəngin mədəni həyatı” adlı məqalə dərc olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “məqalədə Azərbaycanın qədim ənənələri barəsində geniş məlumat verilir, ölkənin arxeoloji və tarixi abidələri, o cümlədən Azıx mağarasındakı qədim insan məskənləri, Qobustan qayaüstü rəsmləri, Atəşgah və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu kimi məkanların Azərbaycanın zəngin bir irsə sahib olduğunun nümunəsi kimi göstərilir. Folklor sahəsində, Azərbaycanın qəhrəmanlıq və müdriklik kimi dəyərlərini ifadə edən nağıl və dastanları xüsusilə vurğulanır. “Oğuznamə”, “Koroğlu dastanı” və “Kitabi-Dədə Qorqud” kimi əsərlər və aşıqların bu dastanları qorumaq üçün oynadıqları roldan danışılır, bayatıların Azərbaycan şifahi ədəbiyyatındakı özünəməxsus yeri haqqında məlumat verilir”.
Məlumata görə, məqalə müəllifi tərəfindən Azərbaycanın 4000 illik musiqi ənənələrinə malik olduğu oxucuların diqqətinə çatdırılaraq, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında olan muğam və bu musiqinin Azərbaycan mədəniyyətindəki əhəmiyyətindən bəhs edilir: “Eləcə də ənənəvi Azərbaycan rəqsləri xüsusilə qeyd olunur. Ədəbiyyat bölməsində Azərbaycan şifahi və yazılı ədəbiyyatının inkişafı təqdir edilir, Nizami Gəncəvi kimi böyük şairlərin, “Əli və Nino” romanı kimi əsərlərin dünya miqyasında tanındığı vurğulanır. Məqalədə təsviri incəsənət və memarlıq sahəsində Azərbaycanın qədim petroqliflərindən, miniatür rəsm sənətindən və həm müasir, həm də ənənəvi memarlıq üslubundan bəhs edilir. Məqalədə Azərbaycanın teatr və kino sahəsi haqqında da məlumatlar yer alıb. Azərbaycan teatrının 19-cu əsrdə formalaşdığı və bu teatrın Sovet dövründəki çətinliklərə baxmayaraq, həm o zaman, həm də bu gün inkişaf etdiyi qeyd olunur. Azərbaycan kinosunun tarixi, inkişafı və beynəlxalq uğurları vurğulanır. Bununla yanaşı, Azərbaycanda çoxsaylı muzeyin mövcud olduğu və bunların arasında xalça muzeyi, tarix və incəsənət muzeyləri barəsində geniş məlumat məqalədə öz əksini tapmışdır”.