Press "Enter" to skip to content

Yaponiya NATO-ya üzv ola bilər

Dr. Yücel Karauz

Son yeniləmə: 14 Oktyabr 2024 07:56

Dr. Yücel Karauz: İndiki halda Rusiya-Çin ittifaqına qarşı mübarizədə Yaponiyanın söykənə biləcəyi bir hərbi ittifaqa ehtiyac var

BAYRAQDAR MEDİA – “Dünyada risk və təhdidlər, o cümlədən Üçüncü Dünya müharibəsinin olması ilə bağlı təhlükələr getdikcə daha da artmaqdadır. Bu baxımdan əsas rəqabət meydanı və gərginliklər ocağı kimi uzaq Uzaq Doğu və Hind-Sakit Okean regionu hesab olunur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

NATO-nun müdafiə nazirlərinin növbəti toplantısının keçirilməsi və eyni zamanda bu toplantıya ilk dəfə olaraq Yaponiya müdafiə nazirinin də qatılması ilə bağlı məsələni dəyərləndirən general bildirib: “Yaponiya İkinci Dünya müharibəsindəki məğlubiyyətin ağırlığını üzərindən atdıqdan sonra müdafiə sənayesini gücləndirən və hazırda dünyada beşinci ən güclü orduya malik ölkə halına gəlib. Lakin hazırki gərgin situasiya, qlobal məkanda baş verənlər kontekstində güclü ordu baxımdan dünyanın beşinci ölkəsi olmaq da yetərli deyil. Buna görə də hər dəqiqə gərginləşən qlobal proseslər, o cümlədən Uzaq Doğudakı mövcud duruma baxdıqda deyə bilərik ki, Yaponiyanın güclü müttəfiqlərə ehtiyacı var. Çünki hazırda Yaponiyanın təkbaşına Çinlə və yaxud da Rusiya ilə mübarizə apara bilməsi mümkün deyil”.

Müsahibimiz bildirib ki məhz bu kontekstdə Yaponiyanın müdafiə nazirinin NATO müdafiə nazirlərinin toplantısına qatılması kifayət qədər başa düşülən və təbiidir: “Bununla, əslində Yaponiya qlobal məkanda baş verənlər fonunda öz yerini, öz müttəfiqlərini, harada dayana biləcəyini müəyyən etmiş olur. Həmçinin, bununla bütün dünyaya bir mesaj vermiş olur. Bu baxımdan hesab edirəm ki, Yaponiyanın həmin addımı olduqca önəmlidir. Çünki indiki şərtlər daxilində gözlənilən təhlükələr təkbaşına hazırlaşmaq bir az ağlasılmaz görünür”.

Dr. Y.Karauz vurğulayıb ki, Yaponiya müdafiə nazirinin sözügedən toplantıya qatılmaq qərarı bir məsələnin də müjdəçisi ola bilər: “Hesab edirəm ki, bu, həm də Yaponiyanın NATO-ya üzvlüyü istiqamətində ilkin addım ola bilər. İndiki halda Rusiya və Çinlə ayrı-ayrılıqda, ən pis halda isə Rusiya-Çin ittifaqına qarşı mübarizədə Yaponiyanın söykənə biləcəyi bir hərbi ittifaqa ehtiyac var. Bu ittifaq isə NATO ola bilər”.

Mission News Theme by Compete Themes.