Press "Enter" to skip to content

Nazir teatrın kollektivi ilə görüşüb

Görüşdən xatirə şəkli

BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi ilə görüşüb.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “oktyabrın 10-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı binasının ikinci mərtəbəsində keçirilən görüşdə nazir “Yuğ” Teatrının Azərbaycan mədəniyyətində xüsusi yeri olduğunu qeyd edib. Bildirilib ki, teatr maraqlı tamaşaları, həyata keçirdiyi layihələrlə yanaşı, xaricdə də Azərbaycanı uğurlu təmsil edir. Yuğ Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov teatrın heyəti ilə görüşə gəldiyi üçün nazirə təşəkkür edib”.

Daha sonra xəbərdə, “direktor teatrın illərdir bina problemi yaşadığını diqqətə çatdırıb. Qeyd olunub ki, 1989-cu ildən studiya kimi, 1992-ci ildən dövlət teatrı kimi fəaliyyət göstərən “Yuğ” teatrı 2016-cı ildən etibarən fəaliyyətini Kukla Teatrının binasında davam etdirir. Məkan problemi yaradıcı fəaliyyətə və davamlı iş prosesinə mənfi təsir göstərir. Teatrın baş rejissoru Mikayıl Mikayılov, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova, aktyor və rejissor Əbdülqəni Əliyev çıxış edərək teatrın uğurlarından, yaradıcılıq prosesindən, eləcə də mövcud problemlərdən danışıblar” deyə bildirilir.

A.Kərimli teatrın bina məsələsinin diqqətdə olduğunu və bu problemin qısa zaman ərzində həll ediləcəyini vurğulayıb. O, həmçinin nazirliyin teatr sənətinin inkişafına yönəlmiş təşəbbüslərə, yaradıcı təkliflərə dəstək olmağa hazır olduğunu bildirib.

Nazir görüşün sonunda kollektivə yaradıcı fəaliyyətində uğurlar arzulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.