Son yeniləmə: 11 Oktyabr 2024 12:01
Vüqar İskəndərov: Bu siyasi kəndirbazlıq Nikol Paşinyana baha başa gələ bilər
BAYRAQDAR MEDİA – “Hazırda qlobal məkanda gərginlik və toqquşmalar ən yüksək səviyyəyə çatıb. Proseslər bəşəriyyəti hər keçən gün Üçüncü Dünya müharibəsinə sürükləyir. Belə bir vaxtda müxtəlif ayrı-ayrı ölkələr həm özlərinin, həm də yerləşdikləri regionların təhülkəsizliyi, qlobal toqquşmalardan ən az itki ilə çıxması üçün addımlar atmalıdırlar. Lakin təəssüflər olsun ki, Ermənistanın timsalında biz bunun tamamilə əksini müşahidə edirik”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, qeyd edib ki, Ermənistanın bundan öncəki hakimiyyətləri kimi, Nikol Paşinyan hakimiyyəti də Güney Qafqazda əbədi sülhün və sabitliyin olmaması üçün əlindən gələni edir: “Mövcud Ermənistan hakimiyyətinin bu addımları, əslində, siyasi kəndirbazlıq kimi dəyərləndirilə bilər. Niyə belə deyirik? Bu danılmaz bir həqiqətdir ki, yalan bəyanatlar vermək, riyakarlıq, sülh adına imitasiyalar etmək Ermənistanda rəsmi hakimiyyətin bir adəti halını alıb. Yəni bu, Nikol Paşinyandan əvvəl necə idisə, indi də elədir. Əgər N.Paşinyandan əvvəlki Ermənistan rejimi bir tərəfdən Azərbaycanla danışıqlar masasında oturub, digər tərəfdən təxribatlarını davam etdirirdisə, N.Paşinyan da dünyanın müxtəlif yerlərində Azərbaycan Prezidenti ilə danışıqlar masasında oturmaqdan qaçdığı halda, utanmadan sülh müqaviləsini imzalamağa hazır olduğunu iddia edir”.
Vüqar İskəndərov bildirib ki, son vaxtlar tutuquşu kimi dilindən “sülh müqaviləsi” kəlməsi düşməyən Nikol Paşinyan Moskvada özünü bir daha ifşa etdi: “Bəlli oldğu kimi Ermənistanın Baş naziri oktyabrın 8-də Moskvada üçtərəfli görüşdən imtina etdi. Bu azmış kimi Ermənistan 2 deklorasiyanı imzalamaqdan da imtina etdi. Təbii ki, burada məsələnin iki tərəfi var. Birinci tərəfi budur ki, həmin addım Nikol Paşinyanın Rusiyaya qarşı, özü də Moskvada demarşıdır. Görünür N.Paşinyan bununla bağlı Batıdakı ağalarından qəti göstəriş alıb”.
Millət vəkilinin sözlərinə görə, məsələnin digər bir yanı isə ondan ibarətdir ki, bir tərəfdən Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu iddia edən N.Paşinyan digər tərəfdən danışıqlar üçün masada oturmaqdan imtina edir. Xatırladım ki, eyni hal bu ilin yayında Londonda da baş vermişdi. Bu azmış kimi Nikol Paşinyan və komandası Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasına arxasını söykəyərək yenə sərhəddə hansısa oyunlardan çıxır. Lakin bilməlidirlər ki, bu siyasi kəndirbazlıq Nikol Paşinyana və ümumilikdə Ermənistana baha başa gələ bilər”.