Son yeniləmə: 9 Oktyabr 2024 10:39
Tədbir çərçivəsində dünyanın 21 ölkəsinin mədəniyyətinə və adət-ənənələrinə həsr olunmuş stendlər təşkil olunub
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) İskele rayon bələdiyyəsinin təşkilatçılığı ilə “Bizim sevgimiz – sizin sevginizdir” adlı VI Beynəlxalq Mədəniyyət Festivalı keçirilib. Festivalda Azərbaycan da təmsil olunub.
BAYRAQDAR MEDİA-ya verilən məlumatda deyilir ki, festivalda ölkəmizi Azərbaycan-KKTC Dostluq Cəmiyyəti təmsil edib.
Cəmiyyətin rəhbəri Orxan Həsənoğlu bildirib ki, tədbir çərçivəsində Azərbaycan da daxil olmaqla, dünyanın 21 ölkəsinin mədəniyyətinə və adət-ənənələrinə həsr olunmuş stendlər təşkil olunub.
Orxan Həsənoğlunun BAYRAQDAR MEDİA-ya verdiyi məlumata əsasən, KKTC Cümhurbaşqanı Ersin Tatar və ölkənin turizm naziri Fikri Ataoğlu festival iştirakçılarına müraciət ediblər: “Ersin Tatar çıxışında Kıbrıs türklərinin zəngin tarixinə diqqət çəkib, mədəniyyətlərarası əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib. KKTC Cümhurbaşqanı “KKTC Doğu Akdenizdə mədəniyyət və insan hüquqlarına dəyər verilən və hörmət edilən müstəqil türk dövlətidir. Kipr türkləri dünyanın bütün ölkələri ilə dialoqa hazırdır”, – deyə vurğulayıb”. O.Həsənoğlunun sözlərinə görə, KKTC Cümhurbaşqanı Azərbaycana həsr edilmiş kitabların, broşürlərin, kataloqların, eləcə də suvenirlərin təqdim olunduğu Azərbaycan stendi ilə tanış olub. Azərbaycan-KKTC Dostluq Cəmiyyətinin rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.