BAYRAQDAR MEDİA – Səhiyyə naziri Teymur Musayev oktyabrın 8-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında çıxış edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “nazir çıxışında vurğulayıb ki, TDT-nin üzv ölkələrinin xalqları arasında möhkəm təməllər üzərində qurulan münasibətlər səhiyyə sahəsində də əlaqələrin ən yüksək şəkildə inkişafına zəmin yaradır: “Bu ilin aprel ayında Qırğız Respublikası Prezidentinin Azərbaycana rəsmi dövlət səfəri çərçivəsində iki ölkənin Səhiyyə Nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb””.
T.Musayev həmçinin bildirib ki, bu gün səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək ikitərəfli sənədlərin və Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolunun imzalanmasına şahidlik edəcəyik. O, TDT-yə üzv və müşahidəçi ölkələrinin Vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətin əsas istiqamətləri hesab etdiklərini qeyd edib.
Nazir eləcə də səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Təşkilat çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün etdiyini bildirərək bu istiqamətdə də birgə reallaşdırmalı olan çoxsaylı imkanların mövcud olduğunu diqqətə çatdırıb.