Son yeniləmə: 9 Oktyabr 2024 13:24
BAYRAQDAR MEDİA – Uzun fasilədən sonra 11 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında (ADAMT) dünya şöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir” iki hissəli musiqili lirik komediyası nümayiş olunacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “ağlasığmaz sevgi oyunlarından bəhs edən tamaşanın süjet xətti gözlənilməz və maraqlı hadisələrlə zəngindir.
Musiqili Teatrın rus bölməsinin aktyorlarının ifasında oynanılan bu komediya tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır”.
Qeyd edək ki, 2011-ci ildən səhnəyə qoyulan “Fransızsayağı qarnir”in quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Emil Heydərov, Eleonora Mustafayeva, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova və teatrın balet artistləri ifa edəcəklər.