BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) və Təhsilin İnkişafı Fondunun (TİF) təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına II seçim turunda uğur qazanmış namizədlərlə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “ETN-nin Aparat rəhbəri Mətin Kərimlinin iştirakı ilə keçirilən görüşdə I “Maarifçi” proqramının nazirlikdə işə başlayan uğurlu təcrübəçiləri də iştirak ediblər. Proqram çərçivəsində Gəncə-Daşkəsən və Mil-Muğan regional təhsil idarələri, həmçinin Naxçıvan Təhsil Nazirliyində təcrübə keçəcək tələbə və məzunlar görüşə onlayn qaydada qatılıblar. M.Kərimli gəncləri salamlayaraq onlara proqramla bağlı məlumat verib və proqram çərçivəsində həyat üçün vacib təcrübə qazanacaqlarını vurğulayıb. Aparat rəhbəri gənclərin təcrübə dövründə verəcəkləri töhfə ilə bütövlükdə ölkə təhsil sistemində dəyər yaratmış olacaqlarını qeyd edib. Proqrama yeni qəbul olunan namizədləri fəal olmağa çağıran M.Kərimli hər birinə uğurlar arzulayıb”.
Sonra xəbərdə qeyd edilir ki, “tədbirdə iştirak edən I “Maarifçi” tələbə-məzun təcrübə proqramının nazirlikdə çalışan iştirakçıları da öz təəssüratlarını bölüşüb və yeni iştirakçılara uğurlar arzulayıblar. Qeyd edək ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramına II mərhələdə 30 nəfər təcrübəçi seçilib. 3 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar ETN, həmçinin Naxçıvan Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. İştirakçılar onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər”.
Bildirək ki, proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.