Son yeniləmə: 7 Oktyabr 2024 17:11
BAYRAQDAR MEDİA – 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində Türk Mədəniyyəti və İrsi Fondu görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin 100 illik yubiley mərasimini və “Mənim adım Kojadır” kitabının Azərbaycan dilində təqdimatını keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fondun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə Fondun prezidenti Aktotı Raimkulova çıxış edərək Berdibek Sokpakbaevin bir çox maraqlı əsərlər yazdığını, bunlardan birinin də qazax uşaq ədəbiyyatının şah əsərlərindən olan “Mənim adım Kojadır” povesti olduğunu söyləyib. Kitabın dünyanın 68 dilinə tərcümə olunduğunu diqqətə çatdıran Fondun prezidenti rəhbərlik etdiyi qurumun Türk dünyasının zəngin irsinin təbliği və gələcək nəsillərə ötürülməsi məqsədi ilə kitabı ilk dəfə Azərbaycan dilinə tərcümədə oxuculara təqdim etdiyini bildirib”.
Daha sonra xəbərdə, “Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev yazıçının bir çox böyük romanlara imza atdığını diqqətə çatdırıb. O, sözügedən əsərin gənc nəslə milli dəyərlərə sahib çıxmağı öyrətdiyini deyib. Prezidentin müşaviri bildirib ki, əsəri ilk dəfə rus dilinə çevirən yazıçının qızı Samal Sokpakbayeva olub. M.Otarbayev kitabın çox əhəmiyyətli olduğunu vurğulayaraq Fondun böyük bir işə imza atdığını deyib” deyə qeyd edilir.
Xəbərdə həmçinin deyilir ki, “Almatı vilayətinin Mədəniyyət, arxivlər və sənədləşmə idarəsinin rəhbəri Daniyar Əliyev, yazıçının qızı S.Sokpakbayeva kitab ilə bağlı fikirlərini bölüşüblər. Çıxışçılar bu cür tədbirlərin iki ölkə arasında mədəni əlaqələrə töhfə verəcəyini vurğulayıblar. Kitabın layihə rəhbəri və ön sözün müəllifi A.Raimkulova, tərcümə edənlər Xanım Aydın, Rǝbiqə Nazimqızı, Xatirə Nurgül, redaktoru isə Fərid Hüseyndir. Kitaba bu il 100 illik yubileyi qeyd olunan görkəmli qazax yazıçısı B.Sokpakbayevin “Mənim adım Kojadır” povesti daxil edilib. Bu əsər dünya uşaq ədəbiyyatının sevilən nümunələrindən biridir” .
Əsərdə uşaqların özünəməxsus dünyagörüşü, mühitin onlara təsiri, habelə insanın islahı üçün ən vacib məsələnin vicdan olduğu fikri önə çəkilir.