Son yeniləmə: 10 Oktyabr 2024 19:05
BAYRAQDAR MEDİA – Oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında (ADAMT) 115-ci mövsümün ilk premyerası dünya şöhrətli yazıçı Anton Pavloviç Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanmış (səhnələşdirən: Bəhram Osmanov) “Palata” tamaşasının premyerası keçirilib.
Səhnə əsəri haqqında rejissor və aktyor Zaur Əliyev BAYRAQDAR MEDİA-ya məlumat verib: “Mən Musiqili Teatrda həm rejissor, həm aktyor kimi çalışdığım üçün bu tamaşada da həm ikinci rejissor, həm də aktyor idim. Çox qısa zamanda bu tamaşada rol aldım. Çünki bu tamaşada mənim rol alacağım planı yox idi. Qoşulandan sonra mən də çalışdım ki, mesajımızı dolğun şəkildə verə bilək. Mənim obrazım demək olar ki, hadisələrin istiqamətini dəyişir və bütün imkanlardan istifadə edib ağıllı, normal açıq beyinlə düşünə bilən bir insanı gətirib dəlixanaya salır. Yəni həkimi, müalicə edəni gətirib xəstəyə çevirir. Bu obrazı çalışdığım qədər dolğun oynamağa çalışmışam. Bilmirəm nə dərəcədə alınıb, bunu gələn tamaşaçılarımız qiymətləndirər. Stilistika, quruluş, işıqlandırma, aktyorların ifasının forması baxımından səhnə əsərinin ərsəyə gəlməsində tamaşanın birinci rejissoru Ər-Toğrulla çox əziyyət çəkdik. Tamaşa janr etibarı ilə bir az fərqli janrdır, bunun üçün də stilistika da bir az fərqlidir. Bütün bunlara görə bir az zəhmət tələb etdi və çalışdıq ki, anlamlı bir tamaşa olsun”.
Janr etibarı ilə tragikomik düşüncə sayılan səhnə əsərinin quruluşçu rejissoru Ər-Toğrul, rejissoru Z.Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Sevinc Məmmədovadır.
Qeyd edək ki, bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşada obrazları Ər-Toğrul (Dilənçi), Z.Əliyev (Yevgeni Xobotov), Nicat Əli (Xəstə), Türkel Tariqpeyma (Professor), Hüseyn Əlili (Andrey Yefimiç), Fərid Rzayev (Nikita), Cəbrayıl Cəbrayılov (Şizofren), xor artistləri Rəşad Rüstəmli, Orxan Mirzəyev, balet artisti Hüseyn Heydərli canlandırırlar.