BAYRAQDAR MEDİA – “Özbəkistandakı Azərbaycan səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutunda təhsil alan yuxarı kurs tələbələri və magistrlər üçün “Qərbi Azərbaycana qayıdış” şüarı altında “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs” mövzusunda mühazirələr təşkil edilib”.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Bildirilir ki, “tanınmış ədəbiyyatşünas alim, Prof. Mahirə Hüseynova tərəfindən oxunan mühazirələrdə tələbələrə Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs haqında geniş məlumat verilib. Mühazirələrdə Azərbaycan xalqının zəngin mədəni, ədəbi irsi haqqında məlumatlar tələbələrin diqqətinə çatdırılıb və xüsusi olaraq Azərbaycan xalqının Qərbi Azərbaycanda tarix boyu yaratdığı maddi-mədəni, ədəbi irs, mədəniyyət nümunələri, ədəbi prosesin inkişaf xüsusiyyətləri barədə daha ətraflı məlumat verilib. Erməni təcavüzü nəticəsində tarixi ata-baba yurdumuz olan Qərbi Azərbaycanda yaşayan xalqımız didərgin düşdükdən sonra orada Azərbaycan xalqı tərəfindən yüz illər boyu yaradılmış maddi-mədəni irsimiz də vandalizmə məruz qalıb. Azərbaycanlılar tərəfindən tikilmiş tarixi binalar, abidələr, dini məbədlər məhv edilib, ermənilər tərəfindən Azərbaycan xalqının bu torpaqlarda izlərinin silinməsinə cəhdlər göstərilib. Halbuki o torpaqların hər qarışında xalqımızın silinməz izləri vardır, bunun ən bariz nümunəsi isə Azərbaycan xalqına aid yer adlarının, toponimlərin hələ də öz varlığını qoruyub saxlamasıdır”.
O da qeyd edilir ki, “Qərbi Azərbaycandan köçkün düşmüş azərbaycanlılar uzun illərdir ki, Azərbaycanın müxtəlif bölgələrində və dünyanın fərqli ölkələrində yaşamaqdadırlar. Amma onlar öz tarixi ata-baba yurdlarından uzaq düşsələr də bu gün də öz tarixi torpaqlarına dönəcəkləri günü gözləyirlər. Qarabağın azad olunmasından sonra onların bu inamı birə min artmışdır və əminik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində bu arzumuz da yaxın gələcəkdə gerçəkləşəcəkdir”.
Bildirilir ki, sözügedən Mərkəz eyni mövzuda mühazirələrin təşkilini davam etdirəcək.