Son yeniləmə: 4 Oktyabr 2024 11:26
BAYRAQDAR MEDİA – Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasında iştirakı çərçivəsində Azərbaycanda səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Ədliyyə Nazirliyinin dövlət naziri Tesfaye Vakjiranın rəhbərlik etdiyi nümayəndə heyəti ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Asan xidmət”dən məlumat verilib.
Bildirilib ki, “qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb”.
Məlumata görə, efiopiya tərəfi “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və ölkəsinin dövlət qurumları ilə Dövlət Agentliyi arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib: “Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olublar. Xatırladaq ki, 2024-cü il 14 may tarixində Dövlət Agentliyi ilə Efiopiyanın Dövlət Xidmətləri Komissiyası arasında “ASAN xidmət” konsepsiyasının Efiopiyada tətbiqi istiqamətində əməkdaşlığın həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Hazırda memorandumun implementasiyası çərçivəsində işlər aparılır”.