BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 4-5-də geomaqnit qasırğası gözlənilir”
BAYRAQDAR MEDİA – Günəşdə alışmalar hesabına oktyabrın 4-5-də Yerdə geomaqnit qasırğası gözlənilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.
Xəbərdə qeyd olunur ki, “Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, müəyyən ehtimalla M sinif (radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X (güclü) sinif alışmaların olacağı proqnozlaşdırılır. Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq”.
Sonra xəbərdə, “oktyabrın 4-ü gecə saatlarından başlayaraq səhər 08:00 radələrinədək G2 (orta) səviyyəli qasırğa gözlənilir. Sonradan geomaqnit sahə fon səviyyəsinə enəcək. Həmin gün axşam saat 21:00-dan etibarən G2 (orta), gecə saat 01:00-dan başlayaraq oktyabrın 5-i saat 09:00-dək G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır” deyə bildirilir.