BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə qeyd edilir.
Xəbərdə bildirilir ki, “sərgi çərçivəsində oktyabrın 2-də Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) tərəfindən nəşr olunan görkəmli qazax yazıçısı və ictimai xadimi Kemel Toqayevin (1923-1986) Azərbaycan dilinə tərcümə edilmiş “Xüsusi tapşırıq” kitabının təqdimatı keçirilib. Tədbirdə çıxış edən TMİF-in prezidenti Aktotı Raimkulova müharibə əleyhinə qələmə alınan, insanları sülhə səsləyən kitabın “Türk ədəbiyyatının inciləri” seriyasından çap olunduğunu bildirib. Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev bildirib ki, K.Toqayev hər bir əsərini arxiv məlumatlarına, etibarlı mənbələrə əsaslanaraq qələmə alıb. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar Qazaxıstanı çox sevdiyini, görkəmli şair Abay haqqında məqalə yazdığını vurğulayıb. O, eyni zamanda Kemel Toqayevin yaradıcılığına böyük hörmət bəslədiyini qeyd edib. AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev “Xüsusi tapşırıq” kitabının Azərbaycan dilində nəşr olunmasının əhəmiyyətini yüksək qiymətləndirib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa da kitab və onun müəllifi haqqında söz açıb. Qeyd olunub ki, bu kitab yerli oxucuların K.Toqayevin yaradıcılığı ilə tanışlığına imkan yaradacaq”.
Qeyd edək ki, kitabın layihə rəhbəri və ön sözün müəllifi TMİF-in prezidenti Aktoti Raimkulova, tərcüməçisi Rǝbiqə Nazimqızı, redaktoru Əkbər Qoşalıdır.