BAYRAQDAR MEDİA – Qardaş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Bildirilir ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Prof. Mahirə Hüseynovanın Özbəkistana səfəri çərçivəsində Mərkəzin təşəbbüsü və təşkilatçılığı ilə qardaş ölkənin bir sıra ali təhsil ocaqlarında görüşlər keçirilib, əməkdaşlıq razılaşmaları əldə edilib: “Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutunu ziyarət zamanı sözügedən Universitetlə ADPU arasında elmi, pedaqoji, tələbə-müəllim mübadiləsi, birgə elmi konfransların, nəşrlərin təşkili və s. mövzularda Anlaşma Memorandumu imzalanıb”.
“Tədbirdə çıxış edən Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutunun prorektoru, Dos. İsa Dusbayev Azərbaycan ali təhsil ocaqları ilə əməkdaşlığın onlar üçün çox vacib olduğunu qeyd edib. İ.Dusbayev əməkdaşlıq çərçivəsində ilkin olaraq təmsil etdiyi Universitetin müəllimlərinin ADPU-da təcrübə keçmələrinin arzusunda olduğunu bildirib və sözügedən bu qocaman ali təhsil ocağında əldə ediləcək təcrübənin onların müəllimləri üçün çox faydasının olacağını vurğulayıb. Dəyərli qonaqları qarşılamaqdan və Azərbaycan universitetləri ilə yaranmış əməkdaşlıqdan böyük məmnunluq hissi keçirdiyini bildirən prorektor İ.Dusbayev bu təşəbbüslərinə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib”, – deyə xəbərdə bildirilir.
Daha sonra çıxış edən Prof. Mahirə Hüseynova iki ölkə arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi və bu istiqamət üzrə bütün türk dünyasında əməli addımların atılmasının vacibliyindən söz açıb: “M.Hüseynova Özbəkistan ali məktəbləri ilə Azərbaycan ali təhsil ocaqları arasında əməkdaşlığın vacibliyini qeyd edərək bu sahədə görülə biləcək işlərdən danışıb. İnstitut rəhbərliyinə qonaqpərvər qarşılama və əməkdaşlıq üçün öz təşəkkürünü bildirən M.Hüseynova gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün əlindən gələn dəstəyi əsirgəməyəciyini bildirib”.
Xəbərdə deyilir ki, “imza mərasimindən sonra təhsil sahəsindəki xidmətlərinə görə Mahirə Hüseynovaya Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutunun Fəxri professoru ünvanının verilməsi ilə əlaqədar İnstitut Elmi Şurasının qərarı səsləndirilib, diplom və xatirə hədiyyələri təqdim edilib. Tədbirin bədii hissəsində İnstitut tələbələri tərəfindən şeirlər oxunub, Azərbaycan və Özbək mahnıları ifa edilib”.