BAYRAQDAR MEDİA – Oktyabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) “Xəzər” Biennalesi Platforması çərçivəsində Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubunun təşkilatçılığı, AMİM-in dəstəyi ilə dəyirmi masa və təsviri sənət sərgisi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “əvvəlcə müxtəlif ölkələrdən təşrif buyurmuş qonaqlar muzeyin ekspozisiyası ilə yaxından tanış olublar. Daha sonra onlar Rəssamlar İttifaqının İdarə Heyətini təmsil edən, eləcə də digər Xalq rəssamları ilə birlikdə platformanın gələcək istiqamətlərinin müəyyən edilməsi ətrafında geniş fikir mübadiləsinin aparıldığı, müasir dövrün aktual sənət məsələlərinin müzakirə edildiyi dəyirmi masaya qatılıblar”.
Sonra xəbərdə bildirilir ki, “sərginin açılışında mədəniyyət naziri Adil Kərimli, Azərbaycanı və xarici dövlətləri təmsil edən tanınmış sənət xadimləri iştirak ediblər. Qonaqları salamlayan sözügedən Muzeyin direktoru Şirin Məlikova sərgi haqqında məlumat verib. Bildirilib ki, janr və mövzu müxtəlifliyi ilə seçilən sərgidə Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Macarıstan və Bəhreyndən olan rəssamların realizmdən abstraksiyaya, sürrealizmə qədər sənət üslublarını özündə birləşdirən əsərləri nümayiş olunur. Rəssamlar İtifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Tacikistan Rəssamlar İttifaqının sədri Nərgiz Həmidova çıxışlarında “Xəzər” Biennalesinin daşıdığı vacib funksiya və əhəmiyyətindən söz açıblar”.
Sərgi 15 oktyabradək davam edəcək.