Son yeniləmə: 2 Oktyabr 2024 15:49
BAYRAQDAR MEDİA – 2024-cü ilin ilk 8 ayında Azərbaycanlı alimlərin “Scopus” elmmetrik verilənlər bazasında göstəricilərində ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpan artım müşahidə olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.
Xəbərdə deyilir ki, “bu göstəricilərə istifadəçi sayı, dərc olunan elmi işlərin sayı, elmi işlərin sitatları, sahə üzrə istinad təsiri, məqalələrin dərc olunduğu jurnalların keyfiyyəti və beynəlxalq əməkdaşlıq aiddir. “Scopus”dakı istifadəçi sayı təkcə bu ilin ilk 8 ayı ərzində ötən ilə nisbətdə 2 dəfədən çox artaraq 13 minə çatıb. İstifadə göstəriciləri ilə bərabər Azərbaycanlı alimlərin ötən il 1 min 800-dən bir qədər çox olan məqalə sayı bu il artaraq 2 min 382-ə bərabər olub. Nəzərə alsaq ki, 2024-cü ildə dərc olunan elmi işlərin sayımı 2025-ci ilin may-iyun aylarınadək davam edəcək, ölkə üzrə ümumi elmi işlərin sayının tarixdə ilk dəfə 3 mindən çox olacağı istisna edilmir”.
Sonra xəbərdə, “dərc olunan elmi işlərin sayı ilə yanaşı keyfiyyəti də artmaqdadır. Bu məqalələrin 11.2 faizi dünyanın ən çox istinad alan 10 faiz elmi işi arasındadır. Ötən il isə bu göstərici 9.2 faizə bərabər idi. Həmçinin Azərbaycanın sahə üzrə istinad təsiri (Field Weighted Citation Impact – FWCI) 2024-cü ildə dünya üzrə orta həddi (1.0) keçərək 1.97-ə çatıb. Bu isə dərc olunan bütün elmi işlərin öz sahəsi üzrə ortalama 97 faiz daha çox istinad alması deməkdir. Ötən il bu göstərici 1.05-ə bərabər idi”.
Xəbərdə həmçinin qeyd edilir ki, “2024-cü ilin ilk 8 ayı ərzində dərc olunan məqalələrin 1 min 481-i Q1 (996) və ya Q2 (485) kvartilli jurnallarda dərc olunub. Bu göstərici isə ötən ilin eyni dövründə 733-ə (Q1 – 486, Q2 – 257) bərabər idi. Ötən ilin 12 ayı ərzində beynəlxalq əməkdaşlıq çərçivəsində (yəni xarici həmmüəlliflərlə birgə) dərc olun elmi işlərin sayı 856 (47 faiz) idisə, bu göstərici cari ilin ilk 8 ayı ərzində 1 min 594-ə (67 faiz) yüksəlib”.