BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün seminarlar təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən İnstitutun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “seminarlar İndoneziyanın Sunan Kalijaqa Dövlət İslam Universitetinin müəllimləri tərəfindən Aİİ-də təşkil olunub. İnstitutun rektoru, Dos. Aqil Şirinov tədbir iştirakçılarını səmimi salamladıqdan sonra, məruzələr üçün qonaqlara təşəkkürünü bildirib. Rektor silsilə mühazirələrin tələbələrin dünyagörüşlərinə, təhsillərinə müsbət təsir göstərəcəyini qeyd edib, onlara uğurlar diləyib. O, bu seminarların İndoneziyanın Yokyakarta şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən III Beynəlxalq Simpozium çərçivəsində Aİİ ilə İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti arasında imzalanan Anlaşma Memorandumuna əsasən keçirildiyini və bunun tələbələr üçün əhəmiyyətini diqqətə çatdırıb”.
Sonra xəbərdə, “Dillər və ictimai fənlər kafedrasının dosenti Elvüsal Məmmədovun moderatorluq etdiyi seminarda sözügedən universitetin Ədəb və mədəniyyət elmləri fakültəsinin Tədris işləri üzrə dekan müavini, Dos. Ubaidillah M.Hum. məruzə edib. Məruzəçi “Quranda cənnət obrazı: linqvistikada analitik araşdırma” mövzusunda danışıb. O, çıxışında müxtəlif dinlərdə, o cümlədən islamda cənnət obrazını müqayisəli şəkildə araşdırıb, onun linqvistikada analitik araşdırılması metodları barəsində ətraflı bəhs edib” deyə qeyd edilir.
Xəbərdə həmçinin, “Dinşünaslıq kafedrasının müdiri, Dos. Anar Qafarovun moderatorluğu ilə seminarda Sunan Kalijaqa Dövlət İslam Universitetinin İslam tarixi və mədəniyyəti kafedrasının müdiri Risvinarno M.M “İndoneziya arxipelaqında yaşayış şəraitinin müxtəlifliyi”, İslam tarixi və mədəniyyəti kafedrasının müəllimi Fatiyah M.A. isə “Yoxsulluq zamanı iman: Betahvalanq, Demakda (Mərkəzi Yava, İndoneziya) sahilyanı icmaların dindarlığının və dini təcrübələrinin araşdırılması” mövzularında məruzələr ediblər. Seminarlar qarşılıqlı müzakirələrlə davam edib, sonda məruzəçilərə Aİİ-nin sertifikatları təqdim olunub” deyə bildirilir.