BAYRAQDAR MEDİA – Oktyabrın 1-i saat 16:00-da “Xəzər” Biennalesi Platforması çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubu tərəfindən təşkil edilən təsviri incəsənət sərgisi açılacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “sərgidə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Bəhreyn və Macarıstandan olan rəssamların əsərləri nümayiş olunacaq. Sərgi region ölkələrinin mədəni müxtəlifliyini yeni bir baxış bucağından təqdim edir. O, milli kimliyin sənət vasitəsi ilə araşdırılması, xəyal edilən coğrafiyalar və tarixlə müasirlik arasındakı əlaqələrin alternativ şərhləri üzərində cəmləşir. Sərgidə müxtəlif forma, janr və mövzulara aid əsərlər təqdim olunur və hər bir rəssam özünəməxsus mərkəz nöqtəsini tapmağa çalışır. Sənət, onu yaradan və inkişaf etdiyi cəmiyyətdən ayrı deyil. Onların qarşılıqlı təsirində yeni mənalar və istiqamətlər yaranır. Sərgi realizmdən abstraksiyaya və sürrealizmə qədər olan geniş sənət axınlarını, həmçinin konseptual axtarışları nümayiş etdirir”.
Daha sonra xəbərdə deyilir ki, “xüsusi diqqət, rəssamların gündəlik həyatda gözə dəyməyən qeyri-adi məqamları necə aşkar etdiklərinə yönəlib. Onların əsərlərində ənənəvi mədəniyyət elementləri mifoloji düşüncə, sufizm və simvolizmlə birləşərək müasir kontekstə gətirilir”.
Sərgidə nəzəriyyəçilər və sənətçilərin müasir incəsənətin aktual məsələlərini müzakirə edəcəyi panel diskussiyalar da keçiriləcək.
Qeyd edək ki, sərgi oktyabrın 15-dək davam edəcək.