Son yeniləmə: 30 Sentyabr 2024 13:30
BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə turizm potensialı yüksək olan kəndlərdə turizm üzrə fəaliyyətin dəstəklənməsi və özünüməşğulluğun artırılması məqsədilə kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsi üzrə “Turistik Kənd” layihəsinə başlanılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, “layihə üzrə yerli və xarici turistlər üçün alternativ yerləşmə yerlərinin yaradılması ilə kənd turizminin inkişafı, eləcə də yerli icmaların və turizm fəaliyyəti ilə məşğul olan ailə təssərrüfatlarının rifahının yaxşılaşdırılması hədəflənir. İlkin olaraq turizm potensiallı Qusar rayonunun Ləzə kəndi, Qax rayonunun İlisu və Sarıbaş kəndlərində icra olunacaq layihə çərçivəsində ümumilikdə 20 qonaq evinin “Aqroturizm” zərfi üzrə zəruri avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur”.
Qeyd edilib ki, “Turistik Kənd” layihəsi Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planından irəli gələn tapşırıqların icrası məqsədilə həyata keçirilir.