BAYRAQDAR MEDİA – “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə namizədlərin seçimi barədə Xarici İşlər Nazirliyi (XİN) və Elm və Təhsil Nazirliyi (ETN) birgə məlumat paylaşıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Prezident İlham Əliyevin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq XİN ilə ETN tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2024-2025-ci tədris ili üzrə namizədlərin seçimi prosesi yekunlaşıb. Proqrama müraciət etmiş 47 ölkədən yüzlərlə namizəd sırasından 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb. Seçilmiş namizədlər əsasən Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Mühəndislik Universiteti (BMU) olmaqla Azərbaycanın 10 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar”.
Qeyd edək ki, bu proqrama əsasən, İƏT və QH-yə üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və Azərbaycan xalqı ilə etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub.