Press "Enter" to skip to content

Payız sessiyasının ilk iclası keçirilib

İclas zamanı

Son yeniləmə: 30 Sentyabr 2024 14:00

BAYRAQDAR MEDİA – Sentyabrın 30-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik işləri planının təsdiqi, Ali Məclisin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi, Ali Məclisin İntizam komissiyasının yaradılması məsələləri daxil edilib”.

Məlumata görə, gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Ali Məclisin fəaliyyəti qanunvericilik işləri planı əsasında qurulur: “Daxili Nizamnaməyə əsasən, növbəti sessiyanın ilk iclasında qanunvericilik işləri planı təsdiq olunmalı və Ali Məclisin iclasları bu plana uyğun keçirilməlidir. Sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib. İclasda növbəti məsələ – Ali Məclisin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi ilə əlaqədar komitələrin təklif olunan tərkibi oxunub, qərar səsə qoyularaq qəbul edilib. Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov gündəlikdə duran sonuncu məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması haqqında olduğunu bildirib. Komissiyanın təklif olunan tərkibi oxunub, qərar səsə qoyularaq qəbul edilib. Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası başa çatıb”.

Mission News Theme by Compete Themes.