BAYRAQDAR MEDİA – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) müvafiq əmri ilə Elza Qurbanova Ağdaş Dövlət Humanitar Kollecinə, Firuzə Fərmanlı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentlikdən daxil olub.
Xəbərdə deyilir ki, “E.Qurbanova 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə bakalavr təhsili, 2022-2024-cü illərdə isə ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə magistratura təhsili alıb. O, 2016-cı ildən müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub, Təhsil İnstitutunun “Öyrədənlərin öyrədəni” proqramında iştirak edib. F.Fərmanlı isə 1994-1999-cu illərdə ADPU-da “Pedaqogika və psixologiya” ixtisası üzrə bakalavr təhsili, 2006-2008-ci illərdə isə elə həmin ali təhsil müəssisəsində “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistratura təhsili alıb. O, 2009-2024-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə müəllim kimi çalışıb. F.Fərmanlı Təhsil İnstitutunun “İnnovativ təlim üsulları” və “Təhsildə innovasiyalar və fəal təlim” mövzusunda təşkil etdiyi təlimlərdə iştirak edib”.