Son yeniləmə: 30 Sentyabr 2024 09:53
Elman Cəfərli: Güney Qafqazda marağı olan 4-5 ölkəni “beynəlxalq birlik” deyə təqdim etmək doğru deyil
BAYRAQDAR MEDİA – “Ölkəmizdə keçiriləcək mötəbər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının başlanmasına sayılı günlər qalıb. Bu ərəfədə Azərbaycana qarşı bir sıra Batı ölkələrinin qərəzli yanaşmaları üzə çıxmaqdadır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
O, qeyd edib ki, bu günlərdə Kanada dövlətinin baş naziri Azərbaycan əleyhinə bəyanat verib, artıq tarixə qovuşmuş “Qarabağ məsələsi”ndən danışıb, “məcburi erməni köçü”ndən bəhs edib: “Avropada bir sıra mühacirlər COP29 əleyhinə fəaliyyətə başlayıb. Əsas arqument yenə də “insan haqqları və demokratiya” məsələsidir. Əvvəla qeyd etdiyimiz kimi artıq siyasi ədəbiyyatda “Qarabağ münaqişəsi” deyilən bir anlayış yoxdur. Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində 2023-cü ilin sentyabrın 19-da 23 saatlıq antiterror əməliyyatı keçirilib. Orada qanunsuz fəaliyyət göstərən rejim və silahlı terrorçu dəstələr ləğv edilib. Amma bunun mülki əhaliyə heç bir aidiyyatı yoxdur. Sözügedən rayonda yenə də erməni əhalisinin nümayəndələri yaşayır. Əhalinin bir hissəsi isə könüllü şəkildə ərazini tərk edib. Onlara “Azərbaycan vətəndaşlığını qəbul edib qalın” təklifi edilmişdi. Lakin imtina etdilər. Hər halda Kanadanın bir bölgəsində əhali mərkəzi hakimiyyətə tabe olmasa, sepaaratçılıq etsə, hökumət sərt addımlar atar. Dünyanın bütün ölkələrində belədir”.
E.Cəfərli qeyd edib ki, “insan haqqları və demokratiya” məsələsində gəlincə, “beynəlxalq birlik adlanan” nəsnə Əfqanıstanda, İraqda keçirilən seçkiləri “demokratik” adlandırmışdı: “Halbuki Əfqanıstanda heç normal cəmiyyət yoxdur, qaldı, seçki institutu ola. Göründüyü kimi kimə necə sərf edirsə, hadisələrə elə yanaşma sərgilənir. Azərbaycanın müasir tariximizdə ən azı 30 illik demokratiya təcrübəsi var. Doğuda qadınlara ilk seçim haqqını verən də Azərbaycandır. “Beynəlxalq birlik” anlayışının özü də doğru deyil. Güney Qafqazda marağı olan 4-5 ölkəni “beynəlxalq birlik” deyə təqdim etmək doğru deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini ifadə ediblər. Ölkəmiz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir. Dünyanın 120 ölkəsi Azərbaycana dəstək verib. COP29-un Azərbaycanda keçirilməsi də beynəlxalq birliyin Azərbaycana etimadının göstəricisidir. Hətta Kanada və Fransa kimi dövlətlərin qızışdırdığı Ermənistan belə reallıqlarla barışıb və COP29-un Azərbaycanda keçirilməsinə tərəfdar çıxıb”.
QHT sədri hesab edir ki, bir sıra dövlətlərin COP29-la bağlı yersiz hay-küyü və ölkəmizə qarşı qərəzi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ilə bağlıdır: “Onları qane etməyən Azərbaycanın müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa bağlılığıdır. Məsələn, Fransa XXI əsrdə hələ də müstəmləkəçi siyasət həyata keçirir, xırda xalqları əzməyə çalışır. Amma Azərbaycan zəif inkişaf etmiş dövlətlərə hər zaman yardımın tərəfdarı kimi çıxış edib, bunu əməldə dəfələrlə sübut edib. Koronavirus pandemiyası zamanı ölkəmiz dünyanın 10-dan artıq ölkəsinə təmənnasız vaksin yardımı göstərdi, humanitar və maddi dəstək göstərdi. Bakıda keçiriləcək COP29 tədbirində Azərbaycanın inkişaf etmiş dövlətlərdə bərpa olunan enerji sektorunun qurulmasına dəstək məqsədilə ayrıca Fondun yaradılması təşəbbüsü ilə çıxış edəcəyi gözlənilir”.