Son yeniləmə: 30 Sentyabr 2024 13:58
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, Bolqarıstanda oktyabrın 27-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Ötən həftənin sonunda isə seçki kampaniyası rəsmən başlayıb.
Radio Bolqarıstan xəbər verir ki, seçki kampaniyasının ilk günündə müvəqqəti baş nazir Dimitar Qlavçev açıqlama verib. O, qeyd edib ki, icra hakimiyyətinin xalqın səslərindəki təhriflərin aradan qaldırılması istiqamətində işi davam edir.
Daxili işlər naziri Atanas İlkov isə “Daxili İşlər Nazirliyi ölkə daxilində səslərin satın alınmasına qarşı xüsusi əməliyyata başlayıb” deyə açıqlama verib.
Bu arada Mərkəzi Seçki Komissiyasının yaydığı bəyanatda “Seçki kampaniyası zamanı bolqar dilindən istifadə edilməlidir” deyilir.
Xatırladaq ki, növbədənkənar parlament seçkilərində 19 partiya və 9 koalisiya olmaqla ümumilikdə 28 siyasi qurum iştirak edəcək. Mərkəzi Seçki Komissiyası oktyabrın 5-dək xaricdə yaradılacaq seçki mərkəzlərinin yerlərini və hər bir məntəqədə seçki qutularının sayını müəyyən etməlidir.