Son yeniləmə: 27 Sentyabr 2024 10:36
BAYRAQDAR MEDİA – “Dəuletkerey Kəpoğlunun şeirini ilk oxuduğum, şəklini, sonra özünü ilk gördüyüm gündən bu sətirlər yazılanadək 7 il keçib. Daha neçə illər keçsə də, artıq əminliklə deyə bilərəm, bizim dostluq-qardaşlığımız, doğmalığımız nəinki azalacaq, sozalacaq, tam tərsinə, daha da möhkəmlənəcəkdir. Çünki biz bir-birimizin ürəyi ilə tanışıq; çünki biz könül süfrələri qurmuşuq, bir-birimizi daha yaxından tanımış, tanıdıqca daha da doğmalaşmışıq. – Bu cümlələri əsasən mənim ona verdiyim dəyər – qazax bavuruma münasibətim baxımından qururam; elə bilirəm, belə baxış, münasibət qarşılıqlı olub deyə, sarsılmaz dostluq-qardaşlıq bayrağı ucalda bilmişik. Dəuletkerey bavurumla biz “Azərbaycanla Qazaxıstanın arasından Xəzər keçər, amma su keçməz” deyimini tez-tez işlədir, buna inanır, bu inamın gələcək nəsillərə ötürülməsi üçün çalışırıq”.
Bu sözlər Qazaxıstanın Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının qardaş Qazaxıstanın tanınmış şairi, filoloq-alim, pedaqoq, Əməkdar mədəniyyət xadimi Dəuletkerey Kəpoğlunun şeirlər toplusuna yazdığı “Qardaş sözü”ndən götürülüb.
Məlumat üçün deyək ki, “Üşüyən küçələr” adlı şeirlər toplusu Azərbaycanda gün üzü görüb. Azərbaycan və qazax türkcələrində çıxan kitabın məsləhətçisi və önsöz müəllifi millət vəkili Dr. Cavanşir Feyziyevdir. Kitab, Qazaxıstanın Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının layihə rəhbərliyi və baş redaktorluğu ilə hazırlanıb.
Dr. Cavanşir Feyziyev “Ön söz”ündə qeyd edir ki, “Üşüyən küçələri”ni oxuculara təqdim etdiyimiz Dəu-letkerey Kəpoğlu çağdaş qazax şeirinin usta qələmlərindəndir: “Qazaxıstanın “Darın” Dövlət Gənclər mükafatına, “Alaş” Ədəbiyyat mükafatınalayiq görülən Dəuletkerey Kəpoğlu, Qazaxıstan Yazıçılar Birliyinin Astana bölməsinin başqanı, “Simurq” ədəbiyyat və incəsənət dərgisinin baş redaktoru, DGTYB Gənəşinin (Məsləhət Şurasının) üzvüdür. “Üşüyən küçələr” kitabı müəllifin Azərbaycanda yayımlanan ilk kitabı olsa da, onu Azərbaycan yazarları, Azərbaycan ədəbiyyatı ilə sıx tel¬lər bağlayır. II Qarabağ savaşında, ümumən Azərbaycanın haqlı davasında Dəuletkerey Kəpoğlu öz qələmiylə, qəlbiylə, ruhuyla bizim yanımızda olub. Bizlər də, əziz qazax şairinin bu qardaşlıq örnəyini unutmamışıq. Oxuculara təqdim olunan “Üşüyən küçələr”də olum-ölüm, sevinc-kədər, sevda-ayrılıq… ki¬mi kateqoriyalar sıx-sıx qarşımıza çıxır… Şairin “Doğulduğum günüm – öldüyüm gündür” şeiri bu baxımdan ibrətamizdir”.
Qeyd edək ki, Qazax şairinin şeirlərini dilimizə DGTYB Gənəşinin (Məsləhət Şurasının) üzvləri olan şairlər – Əli Kərim adına Poeziya Klubunun direktoru İbrahim İlyaslı və Prof.Dr. Rəsmiyyə Sabir uyğunlaşıdırb; qazaxcadan sətri çevirmə gənc qazax yazarı KarlıgaşvKabaya aiddir.
“Elm və təhsil”də nəfis şəkildə nəşr edilən kitabın rəyçiləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova ilə Dr. Füzuli Məcidli, koordinatoru isə Mahmud Kaşqarlı Fondunun məsul əməkdaşı, filoloq-alim Xəyalə Zərrabqızıdır. “Üşüyən küçələri” şairlər – Elşən Əzim və İntiqam Yaşar redaktə edib.
DGTYB və Mahmud Kaşğarlı Fondunun ortaq işi olan bu nəfis kitab, millət vəkili Cavanşir Feyziyevin dəstəyi ilə gün üzü görüb.
Dəuletkerey Kəpoğlu öz “Üşüyən küçələri”ni bu il oktyabrın 6-da (saat 14.00-15.00) X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Bakı EkspoMərkəzi”ndə “Yaşıl zona”da (BakuExpoCenter; “GREEN ZONE”) keçiriləcək “İmza günü”ndə azərbaycanlı oxucular üçün imzalayacaq.