Son yeniləmə: 27 Sentyabr 2024 17:08
BAYRAQDAR MEDİA – Azərbaycanın Milli Qəhrəmanı, 1-ci Qarabağ savaşının igid döyüşçüsü İskəndər Aznaurova həsr edilmiş kitab 27 sentyabr – Anım Günü ilə əlaqədar qardaş Özbəkistanda oxuculara təqdim edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya qardaş ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən daxil olub.
Bildirilir ki, sözügedən Mərkəz özbək dilində “Vatan uchun jon fido qilgan qahromanlar” (Vətən üçün can fəda edən qəhrəmanlar) adlı kitab nəşr etdirib, onu məhz sentyabrın 27-də oxuculara təqdim edib.
Müəllifi mərhum jurnalist-tədqiqatçı Mövlan Şükürzadə olan kitabda birinci Qarabağ savaşının şəhidi, qardaş Özbəkistanda anadan olmuş axısxa türkü, Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovun həyatı, döyüş yolu, silahdaşlarının, onu yaxından tanıyanların, ailəsinin xatirələri yer alır.
“Sözügedən kitabın nəşrində əsas məqsəd Azərbaycan xalqının suverenlik və ərazi bütövlüyü yolunda apardığı mübarizəni özbək oxuculara çatdırmaq və gənc nəsillərin milli vətənpərvərlik ruhunda yetişməsinə xidmət göstərməkdir”, – deyə xəbərdə bildirilir.