BAYRAQDAR MEDİA Xaçmazlı qəzəlxan, Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin fəal üzvü Mövlan ŞAHİDin yeni qəzəlini təqdim edir.
İtməz dilimin yaddaşı ötmüşsə də illər,
Vardır bu sözüm üstdə mənim haqlı dəlillər.
Çəkdikcə Vətən torpağı həsrət daşa dönmüş,
Çökdükcə əzab çəkdi yüz illərlə nəsillər.
Çox tənələr içdik zamanın qəm bulağından,
Titrək ah ötürdü neçə minlərlə könüllər.
Qopduqca qopub torpağımın bağrı talandı,
Əsdirdi qara yelləri döydükcə təbillər.
Heç gəlmədi bir rəhminə haqq, çökdü bu Xalqım,
Qaldı uzalı göylərə hey, çatmadı əllər.
Kim gəldi höküm etdi bu məzlum Vətənimdə,
Əydikcə, əzildikcə kötəkləndi də bellər.
Çatmış zamanım möhləti, yoxdur daha müddət,
Çökmüş səbirin tabı döyüldükcə rəzillər.
İlhamlanıb ilhamıma gəldim, dedi; – Mövlan,
Hər misramı kim duysa, dəlillərdi qəzəllər.